Kükü kəndində ekoloji hüquqi maarifləndirmə tədbiri keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Kükü, Güney Qışlaq, Ayrınc kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr və kənd ziyalılarının iştirak etdiyi maarifləndirmə tədbirini Şahbuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Vüqar Muradov açaraq son dövrlərdə rayonda aparılan ekoloji tədbirlər barədə məlumat verib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov, nazirliyin baş məsləhətçisi Qəhraman Qasımov, Rayon polis şöbəsinin baş sahə inispektoru Dilqəm Hüseynov çıxış ediblər.
Bildirilib ki, ətraf mühitin mühafizəsi insanların sağlam təbii mühitdə yaşaması muxtar respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Bu sahədə muxtar respublikada mühüm tədbirlər həyata keçirilir, yaşıllıqların, biomüxtəlifliyin qorunması istiqamətində mühüm işlər görülür.
Qeyd olunub ki, görülən bu müsbət işlərə baxmayaraq bəzən vətəndaşlar tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməməsi halları baş verir. Şahbuz rayonunda 2018-ci ildə Biçənək, Şahbuz şəhər, Kiçikoba, Gömür və Kolanı kəndlərində təbiət ərazilərinin çirkləndirilməsi, ağacların qanunsuz kəsilməsi və digər məsələlər barədə 6 fakt aşkar olunaraq cərimələr tətbiq edilib.
İştirakçılara bu sahədə tətbiq olunan cərimə məbləğləri və digər inzibati tədbirlər barədə geniş məlumat verilib. Onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdən sonra aidiyyəti təşkilatların nümayəndələri Kükü çayına da baxış keçirib. Mövcud vəziyyətlə maraqlanıblar .
Novruz Məmmədov