Şəhid ailələri və qazilər üçün yeni dəstək layihəsi - VİDEO
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu və "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə "Müharibə iştirakçıları üçün biznes təlimləri" təşkil olunub.
Kəngərli rayonunda şəhid ailələri və qazilər üçün təşkil olunan təlimdə “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev təlimin məqsədi barədə məlumat verib, şəhid ailəsi üzvlərinə və qazilərə biznesin qurulması, idarə edilməsi yollarından danışıb.
Şəhid ailələrinə, qazilərə göstərilən qayğıdan bəhs edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədov "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin gördüyü işləri təlim iştirakçılarının diqqətinə çatdırıb, gələcək işlərində onlara uğurlar diləyib.
Biznesin inkişafı üzrə tanınmış təlimçi Vüsal Novruzov iştirakçılara biznesin dayanıqlılığı, biznes planların güclü və zəif tərəfləri, onları gözləyən risklər və uğura aparan yolda qarşılaşa biləcəkləri çətinliklər haqqında məlumat verib. Təlim iştirakçılarına biznesə başlamağın gözə görünən və görünməyən tərəflərindən bəhs edən təlimçi onlara bu işdə əllərindən gələn köməyi göstərəcəklərinə hazır olduqlarını diqqətə çatdırıb.
Sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müraciətlər dinlənilib.