Zəngilanda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir - VİDEO
Bu gün Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu işə başlayıb.
NUHÇIXAN-ın məlumatına görə, tədbirdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub. Daha sonra Dövlət Himni səsləndirilib. Zəngilanda quruculuq və abadlıq işlərinə dair videoçarx nümayiş olunub.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva forumun “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində təşkil olunduğunu diqqətə çatdırıb, toplantıda 200-ə yaxın ictimai birliyin iştirak etdiyini qeyd edib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri barədə geniş təqdimatla çıxış edib, ilk dəfə azad edilmiş ərazilərdə QHT-lərin forumunun Zəngilanda keçirilməsini yüksək qiymətləndirib.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bidirib ki, son dövrlər QHT-lər sahəsində ciddi dönüş, kəmiyyətdən keyfiyyətə əsaslı keçid baş verib: "Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə QHT sektorunda dərinləşdirilən islahatların, yaradılan sağlam mühitin məntiqi nəticəsidir. QHT sektorunda təşəbbüskarlıq, ictimai nəzarət, hesabatlılıq, şəffaflıq, ixtisaslaşma xeyli dərəcədə yüksəlib. Bu gün cəmiyyət və dövlət həyatında elə bir prioritet sahə yoxdur ki, orada QHT-lər fəal olmasınlar”.
T.Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı dünyaya ünvanlanmış mesajları böyük əks-səda yaradıb, bu gün Afrika və digər regionlarda Fransa zülmünə qarşı etiraz aksiyalarında Azərbaycan bayraqlarının qaldırılması bu xüsusda ölkəmizə olan rəğbət və hörməti aydın ifadə edir. Azərbaycan QHT-ləri də bu prosesdə fəal iştirak etməyə çalışır. Cəmi bir neçə ay öncə yaranmış “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyi müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı elan etdiyi qlobal mübarizə ilə dünyada nüfuzlu QHT-yə çevrilib.
Sektor müdiri onu da qeyd edib ki, “Azərbaycan COP29 ölkəsi kimi iqlim dəyişmələri səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərinə qlobal dəstəyin təmin olunması üçün fəal iş aparır. Həm bu proses, həm də Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın “vaksin millətçiliyi”nə qarşı BMT səviyyəsində mübarizəsi İEOÖ-də Azərbaycana böyük maraq, məhəbbət yaradıb. Azərbaycan QHT-ləri bu prosesdə də yüksək təşəbbüskarlıq göstərir. Bu yaxınlarda Azərbaycan Milli QHT Forumu 14 ölkədən olan QHT-lərlə COP29-la əlaqədar birgə bəyanat yayıb. Müşahidələrimiz göstərir ki, son bir neçə ay ərzində COP29-la əlaqədar ümumilikdə, 71 ölkədən 367 QHT və ictimai fəal müxtəlif birgə bəyanatlar verərək Azərbaycanın qlobal iqlim dəyişmələri ilə mübarizəsinə güclü dəstək ifadə edib. Bu, həm də Azərbaycan QHT-lərinin dünyaya açılmasının nəticəsidir. Bu 71 ölkədən 62-sinin İEOÖ-lər olması da diqqət çəkir”.
Prezident Administrasiyasının nümayəndəsi onu da deyib ki, maliyyə şəffaflığı və intizamı ən vacib məqamlardan biridir: “Fürsətdən istifadə edərək, xarici donorlarla işləyən Azərbaycan QHT-lərini bir daha bu xüsusda əməkdaşlıqlarını yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq bildirişi əsasında qurmağa çağırırıq. Bu sahədə xidməti müqavilələr dövrü geridə qalmaqdadır. Qanunsuz hesablaşmalar isə ciddi hüquqi məsuliyyət yaradır. Sirr deyil ki, qrantların “qaranlıq dövriyyəsi” bir sıra hallarda məhz xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir. QHT-ləri bu məsələlərdə son dərəcədə diqqətli olmağa dəvət edirik.
QHT seqmentinə xaricdən qeyri-qanuni yollarla,"qrant” adı altında müdaxilə cəhdləri yolverilməzdir, bu cəhdləri edənlər bundan sonra da Azərbaycan dövlətinin qəti addımları ilə qarşılaşacaqlar.
T.Əliyev onu da qeyd edib ki, oxşar ad və üsullarla bir çox ölkələrdə, o cümlədən regionumuzda sabitliyin necə pozulduğu, “xarici dirijor çubuqları” ilə hansı təlatümlərin yaşandığı göz önündədir. Bir sıra xarici dairələr hər fürsətdə qəsdən kosmopolit, yad, zərərli ideoloji fikirlər yaymaqla, Azərbaycanda güclü olan ənənəvi milli-mənəvi dəyərləri, ailə dəyərlərini, yüksək vətənpərvərlik hisslərini, dini və etnik mühitdəki nümunəvi harmoniyanı zədələməyə çalışırlar. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsinə vəsilə olan, tarixi zəfərin əsasını təşkil edən ideoloji, mənəvi dəyərlərə qarşı bu qəsdin, hücumun qarşısının alınmasında Azərbaycan QHT-ləri ön sıralarda yer alır”.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli QHT-lərin imkanlarından səmərəli istifadə olunması üçün ətraflı təhlil işləri aparıldığını bildirib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov QHT sektorunda uğurla transformasiya prosesinin getdiyini bildiriblər.
Forum iyunun 25-də davam edəcək.