Hər gün içimizdə böyüyən hiss

A- A A+

Nədir içimizdə hər gün böyüyən bu hiss? Nədir bizi sarmaşıq kimi özünə dolayan, boğazımıza kəndir kimi sarılan, xilas ola bilmədiyimiz qarmaqarışıq duyğular? Niyə baş verir bu hallar? Niyə bir tərəfimiz işıq olduğu halda, digər tərəfimiz qaranlıqdır? Bir yanda sevdiklərimizin taleyinə baxıb gülərkən, digər tərəfdə öz taleyimizə xısın-xısın ağlayırıq. Bəzən yaralarımıza məlhəm olduğumuz halda bəzən onları qanatmaqdan zövq alırıq. Bəzən dünyanın ən səxavətli adamı olduğumuz halda evimizin, ailəmizin Hacı Qarası oluruq.  Nə işi iş kimi görür, nə də istirahəti istirahət kimi edirik. Bu günü yola verə-verə sabahı qarşılayır, beləcə, ömrümüzü yola verir, başa vururuq. Əslində, bizə əmanət edilən ömrün əsas qayəsi həyatın bu qeyri-müəyyən qısa anını bizə həyat bəxş edənin bizdən istədiyi kimi mənalı, şən, təbiətə və insanlığa ziyan vermədən yaşamaqdır.

İnsan yaşadığı hər gün daha aydın hiss edir  ölümün təbii yaxınlığını. Ölüm təkcə qorxu deyil, sabahkı günə keçid kimi, faydalı bir keçid kimi hiss etdiyimiz andır. İndi bunu hiss edərkən belə əksəriyyətimizin sevgi və səadət üçün doğulmuş olduğunu  düşünməkdən həm qorxur, həm də təəccüblənirik. Bu təəccüb anında ağlımıza gələn ilk sual bu olur. Biz kimik? Yoxluqdan var olub həyata boylanan, Günəşi, səmanı, meşələri, çayları, quşları salamlayan, həm sevdiklərimizə, həm öz qəlbimizə, həm də bütün canlılara qarşı xeyirxahlıq və sevgidən doğan məmnunluq hissinin olduğu həyat dolu zərif məxluqlar.

Bəzən bu zərif məxluqlar qısa, hər dəqiqə qırıla bilən qeyri-müəyyən həyat anını eybəcərləşdirməyi, şən həyat yerinə, sevgi dolu həyat əvəzinə nifrət etməyi, qorxmaq, əzab vermək və incitməyi üstün tuturlar. Bir-birimizi sözlərimizlə öldürməyi öyrənir, bir-birimizi pisləməyi və sözünü danışmağı bacarır və bundan daha yaxşı bir məşğuliyyət tapmırıq. Ən əsası isə bu işləri görəndə deyirik ki, şərdən, yamanlıqdan sevgiyə sığınırıq. Bu cılız və dar düşüncələrdən bir az silkinək, özümüzə gələk, dönüb arxaya baxdığımızda faniliyimizi dərk edək. Zamansız ayrılıqları göz önündən keçirək. Bəzən ictimai rəylə dəstəklədiyimiz, lakin sevmədiyimiz insanlar haqqında elə düşünürük ki, guya onları sevirik. Bəlkə, bir az özümüz olmağa çalışaq. Hamının etmiş olduğunun edilməsini zəruri hesab edirik. Etdiyimiz əməllər qəlbimizin istəkləri ilə üst-üstə düşmürsə, bu işlərdən imtina edərək ürəyimizi və sevgimizi qoruyaq. Axı sevginin faydalı cəhətləri də var. Boş və mənasız şeylər uğrunda mübarizə etdiyimiz zamanın onda birini özümüzə və sevdiklərimizə  sərf etsək, əmin olun ki, elə həmin an bu sevinc dolu verdiyimiz hisslər bizə geri dönəcək və başqa insanlarda buraxdığımız gözəl təəssüratlar bizi xoşbəxt edəcək. Çalışaq həyatla mübarizədə yanılmayaq. Nə kiminsə dedi-qodusunu edək, nə də kiməsə dedi-qodu olaq. Bu çətin yolda sevgi ən böyük işıqdır, mayakdır, göstəricidir.

Bu hissləri sizinlə bölüşərkən Lev Tolstoyun sevgi haqqında xitabı yadıma düşür: “Əziz qardaşlar, “mənə inanın, inanın” deməyə cəsarət etmirəm, inanmayın, amma dediklərimi yoxlayın, heç olmasa, bircə gün yoxlayın. Heç olmasa, bircə gün, elə gün başlayanda olduğunuz şəraitdəcə qalaraq həmin günün hər bir işində yalnız sevgiyə əsaslanacağınızı qarşınıza məqsəd qoyun. Və mən bilirəm ki, bunu edən kimi siz artıq əvvəlki dəhşətli, məhvedici yanlışlığa qayıtmayacaqsınız”.

Sevgi həyatımızın məqsədi, mahiyyəti, ürəklərdə yaşayan səadət çırağıdır. Bəs, görəsən, nə üçün biz hazırkı sevgi dolu həyatı bizə məlum olmayan gələcəyə qurban edirik? Hər birimizin içində, bir yanda “mən xoşbəxtəm” duyğulu hisslər olduğu halda, digər yanda “mən xoşbəxtəm” qarışıq səssizlik var.

Sürətli informasiya axını, gərgin iş saatları, lazımsız vaxt itkiləri və digər məşğuliyyətlərlə bağlı qaçaqaçda olmağımız, özümüzə vaxt ayıra bilməməyimizə başlıca səbəbdir. Hər şeyi bir kənara buraxıb özümüzü sevək. Özümüzü sevək ki, başqalarına da sevgimizi yansıda bilək. Səhər saatlarında işə tələsərkən küçədəki təmizlik işçisiylə salamlaşıb, iş çıxışı gülçüdən gül alıb sağollaşaraq üz tutaq sevdiklərimizə  tərəf. Onları səmimi təbəssümlə, xoş sözlə, al-əlvan güllərlə salamlayaq. Sevdiklərimizlə qucaq dolusu şəkillər çəkdirək. Şəkildə gülən adamlar olaraq xatırlanaq. Gəlimli-gedimli, bir ucu ölümlü dünyada yaxşı adam olaraq xatırlanaq. Gəlin belə yaşayaq, belə yaşlanaq, belə sevək. Hər gün içimizdə bu hissi böyüdək, böyüdək və Tanrıya çatdıraq.

Fariz Əhmədov

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: