Ali təhsil ocağında 20 Yanvar faciəsi anılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir” adlı tədbir keçirilib
Tədbirdən öncə İncəsənət fakültəsinin sərgi salonunda 20 Yanvar faciəsi qurbanlarına həsr edilmiş 30-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub. Fakültənin akt zalında davam edən tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra faciənin dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində əhəmiyyətindən danışıb.
Vurğulanıb ki, Ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu hadisələrə tam siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 yanvar tarixi - Ümumxalq Hüzn Günü elan edilib.
Sonda tələbələrin hazırladığı bədii kompozisiyada 20 Yanvar faciəsinə həsr olunan şeirlər bədii qiraət olunub.
Səadət Əliyeva