“Mən sizi Şuşada qarşılayacam!” - FOTOLAR

A- A A+

44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqının vətən sevgisi heç nə ilə əvəz oluna bilməz. 2020-ci il sentyabrın 27-də düşmən hücumlarının qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başlayan şanlı ordumuz erməni quldurlarına layiqli cavabı verdi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edilərək xalqımıza böyük sevinc hissi yaşadıldı. Əlbəttə bu haqq savaşını Vətənimizin igid oğulları canları bahasına qazandılar. Həmin oğullar adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazaraq ən yüksək zirvəyə ucaldılar. Belə qəhrəmanlarımızdan biri də Raqib Hüseynovdur.

Bildirək ki, vətənini canından artıq sevən, torpaqlarımızı işğaldan azad edib, Şuşaya qovuşmağı özünə məqsəd qoyan qəhrəmanımızın bu gün doğum günüdür.

1993-cü il iyunun 28-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Mərəlik kəndində anadan olan Raqib Hüseynov ilk təhsilini bu kənddə dördüncü sinfə kimi alır. Sonra ailəsi ilə Naxçıvan şəhərinə köçərək Heydər Əliyev adına tam orta məktəbə daxil olur. Səkkizinci sinfə kimi burada təhsil alan qəhrəmanımız bu illər ərzində idmanın karate növü ilə məşğul olaraq iştirak etdiyi yarışlarda 2 kəmərə sahib olur. Körpəlikdən hərbçilərə böyük məhhəbəti olan Raqib hərbçi olub, vətən keşiyində durmaq üçün böyüməyə can atır. O, bu arzusuna 2009-cu ildə H.Əliyev adına hərbi liseyə qəbul olmaqla çatır. Hərb təhsilini əla qiymətlərlə başa vuran vətənin igid oğlu Heydər Əliyev adına Ali Hərbi Məktəbədə ali təhsilini davam etdirir. Bu müddətdə hərbi sirrləri dərindən öyrənən Raqibin bir məqsədi olur Vətənə xidmət edib, keşiyində durmaq. Təhsilini başa vurub leytenant rütbəsinə yüksələn vətənin igid oğlu Gəncə şəhərində yerləşən hərbi hissələrin birində bölük komandiri vəzifəsində xidmətə başlayır. Sonralar Tərtər rayonunda yerləşən hərbi hissələrin birində xidmətinə davam edən Raqib qüsursuz xidmətlərinə görə Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən bölük komandiri kursuna göndərilir. Kursu bitirdikdən sonra bölük komandiri vəzifəsinə təyin edilən Raqib qərargah rəisinin müavini vəzifəsində xidmətinə davam edir. Xidməti dövründə bir sıra fəxri diplomlarla, fərmanlarla təltif olunan vətənin igid oğlu 2018-ci ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi" medalına layiq görülür. Həmin ildə baş leytenant rütbəsi alan qəhrəmanımız 2019-cu ildə yenidən Təlim və Tədris Mərkəzində taborun qərərgah rəisi, tabor komandirinin 1-ci müavini vəzifəsi kursunu keçir. 2020-ci ilin fevral ayından Naftalan şəhərində yerləşən hərbi hissəyə qərargah rəisi vəzifəsinə təyin olunur.

 Sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilən əks-hücum əmri ilə başlanan 44 günlük Vətən müharibəsində döyüşlərə qatılan Rəqib uşaqlıqdan öz qarşısına qoyduğu məqsədi həyata keçirmək üçün hər kəsdən öndə irəliləyir. Anası ilə telefon danışığı zamanı dediyi kəlimələrin hamısını həyata keçirir. “Ana mən torpaqlarımızı azad edib, səni Şuşada qarşılayacam, bunu edə bilməyim üçün düşmən üzərinə ən öndə gedənlərdən biri də mən olacam!”. Qəhrəmanımız arzusuna çatmaq üçün öndə irəlilədi və bu irəliləyiş onu ən ali zirvəyə apardı, ona vətən uğrunda canını fəda edən şəhid adını qazandırdı.

2020-ci il 29 sentyabrda Tərtər rayonu Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə düşmənin müdafiə xəttinin yarılmasında böyük xidmətlər göstərərkən ağır yaralanan baş leytenant Raqib Hüseynov şəhidlik zirvəsinə ucalır. Qəhrəmanımız oktyabr ayının 1-də Naxçıvan şəhərində dəfn olunur.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş və döyüşdə şəxsi igidlik göstərərək şəhid adını qazanan baş leytenant Raqib Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: