Hüseyn Cavid yaradıcılığında ədalət axtarışı

A- A A+

 “Zamanın mizan-tərəzisinin pozulduğu”, “bütöv bir yaradıcı nəslin torpaq altına gömüldüyü XX əsrin otuzuncu illəri bir çoxları kimi Cavid əfəndinin də taleyinə yazılmışdı. O, mütəfəkkir yazar kimi dərin məzmunlu yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında milli məfkurənin və ədalətin təbliğatçısı idi. Zamanın gərdişində ədalətsizliyin qurbanına çevrilsə də ədalətdən heç zaman əl çəkmədi və həqiqət axtarışını da daim yaradıcılığında ön planda saxladı. Üzərindən onillərlə keçsə də bu axtarışlar hər birimizi düşündürür.

Həqiqətdir ki, dahi Hüseyn Cavidi Azərbaycan xalqına yenidən qaytaran, onun ədəbi-bədii irsinin araşdırılması, çapı haqqında tarixi sərəncamlar imzalayan Ulu Öndər Heydər Əliyev olub. Hüseyn Cavidin 100 illiyinin qeyd olunması haqqında verilən qərar, onun qəbrinin uzaq Sibirdən tapılıb Vətənə köçürülməsi, əslində, repressiyaya məruz qalmış türkçülüyün xilası yönündə atılmış ən ədalətli addım addım idi. Yəni, ədalət ədalətlə bərpa olundu! Sonralar Ulu Öndər Hüseyn Cavidin qəbri üzərində məqbərə ucaltdı, ev muzeyini açdı, 2002-ci ildə Hüseyn Cavidin 120 illiyi münasibətilə sərəncam imzaladı. Ulu Öndər Heydər Əliyev deyirdi ki, Cavidi Şekspirlə müqayisə edirlər, amma mənə qalsa, onu Höte ilə müqayisə edərdim. Ulu Öndər Heydər Əliyev “Dünya romantizm poeziyası ilə qırılmaz tellərlə bağlı olan Hüseyn Cavid yaradıcılığı öz bədii-estetik qaynağını Azərbaycan mədəniyyətinin dərin qatlarından alır” – deyirdi.

Böyük mütəfəkkirə dərin ehtiram ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən davam etdirildi. Cənab Prezident 2007-ci ildə Hüseyn Cavidin 125 illiyinin, 2012-ci ildə 130 illiyinin, 2017-ci ildə 135, 2022-ci ildə 140 illiyinin keçirilməsi haqqında sərəncamlar imzaladı. Hüseyn Cavid irsinə qayıdış Ulu Öndərdən başlayaraq dövlət səviyyəsində bu gün də yüksək şəkildə davam edir. Hüseyn Cavidə qayıdış bizim bir millət kimi zənginləşməyimiz üçün çox vacibdir. Çünki, Hüseyn Cavidə qayıdış, uzaq Sibirə sürgün olunmuş, represiyayalara məruz qalmış ədalətə qayıdış idi.

          Böyük Cavidin Azərbaycan ədəbiyyatı tarixində yeni yüksəlişi məhz Ulu Öndərin ehtiramlı münasibətindən sonra başladı. O, Hüseyn Cavid yaradıcılığını gözəl bilirdi. Ulu Öndər həm bədii keyfiyyətinə, həm fəlsəfi mahiyyətinə, həm də vətəndaşlıq münasibətinə görə Cavid yaradıcılığının təbliğ olunmasını tövsiyə edirdi. Onun yubileylərinin keçirilməsi, əsərlərinin nəşri və s. Ulu Öndərin diqqəti nəticəsində reallaşdı.

Hüseyn Cavid repressiya dövrünün yeganə yazarlarındandır ki, yaradıcılığının ali ideyası ilə şəxsiyyətinin bütövlüyü üst-üstə düşür. Xarakteri, mərdliyi, ədaləti, vicdanı ən çətin anda belə mənəvi müvazinət kimi qoruyub saxlamaq keyfiyyəti böyük Cavidi min illər sonra da sevdirəcək. Cavidin ədəbiyyata gətirdiyi mövzular daim müasir qalacaq. Ədalətli düşüncə və məfkurə qaynağı Cavid ocağından köz götürdüyü üçün hər birimizin qəlbini daim işıqlandıracaq, yolumuzu aydınlaşdıracaq.

Dünyanın yaranışı, insanın ali varlıq kimi Tanrı ruhu ilə mükafatlandırılması, yaxud da İblisin insana səcdə etməkdən boyun qaçırması, insan və onun nəfsi kimi düşüncələr, ədalət axtarışı Hüseyn Cavid yaradıcılığında da aparıcı mövzulardır. Hüseyn Cavid “Hübuti-Adəm” şeirində həyatın yaranmasını, Adəmin cənnətdən qovulmasını belə ifadə edirdi:

Nə buldun, qürbi-həqdən böylə sapdın?

Düşün! Naqis bəşər, bir bax nə yapdın!?

Bu gün qüdsiyyətin olmaqda bərhəm,

Yazıq! Aldandın, ey biçarə Adəm!

Təəssüf biəsər... Pək çox yanıldın,

Nədamət bisəmər... Pək gec ayıldın.

Bəşəriyyətin, insanlığın günahının təməlində nəfsin durduğunu və şeytanın hər zaman fürsət düşdükcə insanı öz nəfsinə əsir edəcəyini ali ideya ilə catdıran ən gözəl misralardır. Bəşəriyyətin yaranışı, insan, onun nəfsi ilə mübarizə, kamilliyə çatmaq Cavidin yaradıcılıq kredosudur. "Mən məhəbbət və həqiqəti dərk etdim”, – deyə Qurbanəli Şərifzadəyə yazdığı məktubdan göründüyü kimi, Cavid həm də bir irfan filosofu kimi düşünürdü. Əsərlərindən görürük ki, türkçülük məfkurəsi ilə yanaşı, İblisə uymamaq üçün əql, iradə nümayiş etdirmək dünyada ədalətsizlyə qarşı mübarizə etmək böyük Cavidi daha dərindən düşündürüb. Külli-kainatın harmoniyasının yalnız ədalət üzərində bərqərar olduğunu deyən Cavid çox böyük uzaqgörənliklə gələcəkdəki savaşların ədalətsizlikdən törəyəcəyini bildirirdi.

Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət?

Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.

Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!

Nə öncə öylə səadət, nə böylə zillət olaydı.

Bəli, ədalətin itdiyi yerdə İblis taxt qurur, xaos İblisin toy-bayramına çevrilir. Ədəbiyyatımızın əfəndisi Hüseyn Cavid Şərq müdrikliyini irfan ədəbiyyatı ilə birləşdirərək bizə ərməğan edib.Tanrısına tapınan, inanclı, ruhən daim yüksəlişi, kamilləşməyi qarşısına məqsəd qoyan böyük Cavid həm də oxucusuna övliya təsiri bağışlayır. Onun günah və haqsızlıqların baş alıb getdiyi bolşevik rejmində "Şeyx Sənan”da deyildiyi kimi öz mehrabı var ki, ora saf və təmiz düşüncəli, ədalətli olanlar daxil ola bilər:

Yaqlaşma dur… çəkil asi!

Çünki Beytülharam demək burası,

Daxil olmaq yasaqdır əğyarə.

Sən ki məhrəm deyilsin əsrarə!

Bu ideyalarla da o cəmiyyəti, bəşəriyyəti saflaşaraq yüksəlməyə səsləyirdi. Hüseyn Cavid "Peyğəmbər” əsərində "Məhəbbətdir ən böyük din” – deyə cəmiyyətə, insanlara ülvi hisslər aşılayırdı. Şair bütün əsərlərində şeytani nəfsə qalib gəlməyin yolunu kamilləşməkdə görürdü. İlahi eşqin Şeyx Sənanıdır, türkdür, millətinə gərəkli, bəşəriyyətə yüksəliş dərsində özü nümunə ola biləcək eşq yolçusudur, göylər şairidir.

Yüksəldilər İsa kibi,

İşgəncədən qurtuldular.

Ruhaşina röya kibi,

Kayboldular, kayboldular!

Yüksəldilər, yüksəldilər,

Cənnətdə rahət buldular.

Yüksəldilər,yüksəldilər,

Kayboldular, kayboldular!

Böyük Cavid Peyğəmbər mövzusuna müraciət etdi. Cavid 40 yaş ərəfəsində 40 yaşlı Məhəmməd peyğəmbərin İlahi tərəfindən peyğəmbər seçilməsi ilə İslam dininin, ərəb dünyasının cəhalətdən qurtuluş və tərəqqi dövrünün başlanmasını qələmə aldı. Dahi ədib bu əsərdə həmin dövrün bəlli qanunlarının insanlığı məhvə doğru aparmasına münasibətini bildirir, həm də öz dövrünün problemlərini tarixi mövzuda qələmə alaraq yazırdı:

Öylə bir əsr içindəyəm ki, cihan

Zülmü vəhşətlə qavrulub yanıyor.

Yüz çevirmiş də Tanrıdan insan,

Küfrü haq, cəhli mərifət sanıyor.

Peyğəmbərin ərəb cəhalətinə son qoymaq üçün qılınc və "Quran”la cəmiyyəti yenidən ədalətlə qurmaq, qanunlar yaratmaq və sülh bərqərar etmək məsələlərini Cavid tarixdən müasirliyə qaytardı:

Kəssə hər kəs tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.

Bu dünyanın xalısını toxuyarkən həvəni naşıcasına vursan ilmələri doğrayar, yavaş vursan ilmə alınmaz, naxış əyri olar. Bəs nə etməli? Həvə ədalət yaradan alətdir, gözəlliklər yalnız onunla yaranacaq. Əks halda, naxışsız, yəni mənasız bir ömür yaşamış olarıq. Karvanın da, sarvanın da yükünü və yolunu yüngülləşdirən insanın əməlləridir, ədalətli həyat tərzidir.

Hüseyn Cavidin ədalət ideyalarındakı yeganə düstur vicdanla həqiqətin cəmi, yəni vəhdəti idi. Ədalətsizlik o zaman olur ki, Şər Xeyirə o zaman qalib gəlir ki, cəhalətin ən gözəl nümunəsi cahil insan ölümünü, Tanrısını unudur, firon iddiası ilə ölümsüz olduğuna inanır, nəfsi gözünü bağlayır, ədalətsizliyə susur, bax, onda xaos başlayar, haqsızlıq baş alanda İblis insana aciz məxluq kimi rişxənd edir.

XX əsrin əvvəllərində Hüseyn Cavidin "Topal Teymur” əsərinin finalını xatırlayaq:

"Y ı l d ı r ı m: Düşünəcək bir şey yoq. Əvət, sən qalibsin. Lakin bu qələbə ədalətin qələbəsi deyil türk əqvamını deyil, yalnız fürsət bəkləyən qomşu hökumətləri məmnun etdi. (Acı bir köküs keçirdikdən sonra, çoq mütəəssir və şiddətli). Ah, daha doğrusu, İslam aləmini başsız qoydu”.

Hüseyn Cavidin "Qoca türkün vəsiyyəti” şeir də məhz ədaləti təbliğ edirdi. Cavidin milli dəyərlərdən, kimlikdən uzaq düşməsi səbəbi kimi mənalandırılan "Uçurum” əsəri hər zaman bizi mənəvi itkilərdən qoruyacaq. Şərq müdrikliyindən, adət-ənənəsindən, köklü ailə dəyərlərindən uzaq düşənlər üçün ağır itkinin nədən ibarət olmasının bu əsərdə şahidi oluruq. Əsərdə deyilən: "O gün ki, İstanbul fransızlaşdı, türk gəncliyi uçuruma yaklaşdı” ifadəsi öz həqiqətini bu günədək qoruyub saxlayır. Cəlalın Qərb sevdası onun ailə faciəsinə, övlad itkisinə səbəb olur. Göyərçinin, türk anasının, Bosfora yuvarlanan körpə yavrusu, əslində, türk cəmiyyətinin milli mənəviyyatdan uzaqlaşaraq məhv olmaq təhlükəsi yaşayan, gələcəyimizin ifadəsidir. Mənəvi faciələr ruhun böhranına səbəb olur.

Cavid üçün Vətən təkcə Azərbaycan deyil, həm də bütün türkdilli xalqlar yaşayan Turan elidir. 1918-ci ildə yazılan "İblis” əsərində İblisin törətdikləri pislənir, müharibənin insanlara gətirdiyi səfalət və itkilərdən söz açılır. Eləcə də "Kars və Olti ətrafında səbəbsiz olaraq qətl və yağmalanan məzlumlara”, "Hərb İlahi qarşısında”, "Qaçqın”, "Hərb və fəlakət” və s. poetik nümunələrdə Cavidin bütün bəşəriyyət üçün müharibə əleyhinə arzularını çatdırır:

Bir zamanlar şərəfli Turanın,

O cahan qəriyu qovqanın,

Qəhrəman bərgüzida övladı,

Türklərin anlı, şanlı əcdadı,

Saldırıb titrədirdi yer yüzüni,

Hökm edər dinlədirdi hər sözüni.

Nə zaman kişnəsəydi türkün atı,

Kırılırdı bir ölkənin kanatı.

Hüseyn Cavid faktiki olaraq bütün türk dünyasının şairi idi. O elə bir dildə yazırdı ki, həmin dili o zaman bütün türk xalqları başa düşürdü. Sərhədlərin ayrılmasından öncəki Cavid dili bütün türkləri birləşdirən bir dil idi. Cavid nə istəyirdi? O bütün insanların xoşbəxtliyini, insanların məhəbbətini istəyirdi. Böyük Hüseyn Cavid bu həyatdan mərhəmət yox, ədalət istəyirdi.

Hüseyn Cavid təxminən 30 yaşlarında türk dünyasına vəsiyyət yazıb. O burada türkçülük, elm, din, ailə, böyüklərə münasibət, yəni həyatımızı əhatə edən əxlaqi, siyasi, ideoloji kateqoriyaları əhatə edən hər bir məsələyə türk övladının necə ədalətlə yanaşmalı olduğunu ortaya qoyub. Onun əsərlərində insan və Tanrı, insan və cəmiyyət, vətəndaş və dövlət münasibətləri önə qabardılır və əsas ideya kimi insan nəzəriyyəsi göstərilirdi.

 Ölkə Prezidenti cənab İlham Əliyevin bir fikri var ki, qara qızıl kapitalını insan kapitalına çevirməliyik. Biz Cavidi oxumadan, onu təbliğ etmədən bunu necə edə bilərik? Məhz kamil insanın necə olmasını Hüseyn Cavid çox gözəl şəkildə göstərir. Biz bəzən ümumi sözlərimizlə deyirik ki, böyük sənətkarlar zaman və məkana sığmırlar. Cavidin bədii zamanı sonsuzdur. Hüseyn Cavid o mövzulara, zamanlara müraciət edir ki, həmin zamanlar bəşəriyyət tarixinin ən önəmli xarakterik zamanlarıdır. Götürək, İran və Turan haqqında "Səyavuş” əsərini. Doğrudur, Cavid Firdovsinin yazdığı kimi onları qarşılaşdırmır, əksinə, bütöv görmək istəyir. İkinci böyük zaman peyğəmbərin zamanıdır. İslam dininin bərqərar olması Məhəmməd peyğəmbərin adı ilə bağlıdır ki, Hüseyn Cavid o zamanı "Peyğəmbər” əsərində əks etdirir. Bəşəriyyətin üçüncü böyük zamanını Cavid "Xəyyam” əsəri ilə diqqətə gətirir. Yeni zaman isə Şərqdən Qərbə hərəkət edən və öz əbədiyyətini öz əli ilə yazan bir zamandır və bu, "Topal Teymur” əsəri ilə bərqərar oldu. Bir də həmişə bizim narahatlığımızın zamanı var, bolşevizm zamanı. Hüseyn Cavid "Knyaz” əsəri ilə o dövrün möhürünü vurdu. Cavid bu böyük zamanlar içərisində olan bir sənətkardır. Bu zamanların bədii təfəkkürə sığışdırılmasının nə qədər çətin olduğu indi hər kəsə bəlli olur. Çünki o dövrlərin hər biri haqqında yazmaq həmin dövrü bütün incəliklərinə qədər bilmək deməkdir. Ona görə də bu böyük zamanları Hüseyn Cavid ədəbiyyata gətirdi və bu möhtəşəmliyi ilə nəinki Azərbaycan, eləcə də dünya ədəbiyyatında özünə böyük heykəl qoydu.

Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət! -deyirdi böyük Cavid XX yüzilliyin 37-ci illərində.

Qoy ədalət zəfər çalsın! 43 il bundan öncə verilmiş bu müsahibə Hüseyn Cavid yaradıcılığına böyük dəyər verən Ulu Öndər Heydər Əliyevin hələ sovetlər zamanı bütün məsələlərdə milli təəssübkeşliyini, xalqımızın milli varlığının qorunub saxlanılması naminə apardığı ədalətli mübarizənin bariz nümunəsidir. Sovet ideologiyasının hökm sürdüyü bir dövrdə belə bir müsahibəsinin mətbuatda işıq üzü görməsi Ulu Öndəri haqq-ədalət, halallıq uğrunda mücadilə vermiş böyük bir İnsan kimi səciyyələndirir. Bu aktual müsahibəyə nəzər saldıqca, bir daha şahid oluruq ki, Nizami Gəncəvidən başlayaraq Hüseyn Cavidlə davam edən tarixi ənənə Ulu Öndər Heydər Əliyev dühasının və onun laiqli davamçılarının hər zaman ədalətin yanında olmasına əyani sübutdur.

Ədalət XXI yüzilliyin 20-ci ilində külli-Qarabağda qalib gəldi! Dünyada isə ədaləti böyük Türk Dünyasının həmrəyliyi bərpa edəcək.

                                                                                      Faiq Səfərov

   Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi,

baş ədliyyə müşaviri, Prokurorluğun fəxri işçisi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: