NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Yeni Kərki kəndində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirib.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən faciə süquta uğramaqda olan sovet imperiyasının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Məhz həmin gün baş verənlər bilavasitə onu göstərdi ki, Azərbaycan xalqının öz müstəqil dövlətini yaratmağa haqqı var.
Bildirilib ki, həmin dövrdə Naxçıvanın da üzərini qara buludlar almışdı. Muxtar respublikanın bütün vətənpərvər oğulları kimi, Kəngərli rayonunun qəhrəman övladları da vətənimizin ərazi bütövlüyü uğrunda erməni qəsbkarları ilə döyüşlərdə qəhrəmanlıq göstəriblər. Bu rayondan onlarla gənc döyüşlərdə həyatını qurban verib, şəhidlik zirvəsinə yüksəlib. Rayonun mərkəzi Qıvraq qəsəbəsində onların xatirəsinə abidə kompleksi yaradılıb.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi.
Sonra məktəblilərin ifasında 20 yanvar faciəsinə həsr olunmuş şeirlər bədii qiraət edilib, videomaterial nümayiş olunub.
Turab Hacızadə