Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyunun 28-də “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə doğum günü iyun ayında olan şəhidlərin anım tədbiri keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Televiziyasının doğum günü iyun ayında olan şəhidlərlə bağlı hazırladığı videoçarx izlənilib. Tələbələr videoçarxda adları çəkilən 37 Birinci və İkinci Qarabağ müharibəsi şəhidinin portretlərini səhnədə nümayiş etdiriblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qəhrəmanlarımızın xalqımıza bəxş etdiyi zəfərdən danışıb. 1990-cı illər elə bir dövr idi ki, ölkəmiz müstəqillik qazansa da, o illərdə baş verən xalq hərəkatına səriştəsiz insanlar rəhbərlik etməyə çalışırdı. Hər tərəfdə separatçı qruplaşmalar yaranmış, AXC-Müsavat cütlüyü xalqı və müstəqilliyimizi məhvə sürükləyirdi. Məhz belə bir dövrdə Naxçıvanda fəaliyyət göstərən Ümummilli Lider Heydər Əliyev xalqın son ümid yeri oldu. 1993-cü ildə xalqın çağırışına cavab verən dahi rəhbər qısa zamanda ölkədə sabitliyi təmin etdi, atəşkəsə nail oldu, soyqırımı və vətəndaş qarşıdurmalarının qarşısını aldı, iqtisadiyyatın dirçəldilməsi istiqamətində taleyüklü qərarlar qəbul etdi, ordu quruculuğuna başladı. Bir sözlə, müstəqilliyin qorunub saxlanılması və inkişaf etdirilməsi kimi çətin bir missiyanı yerinə yetirdi.

Həmin dövrdə Ulu öndərimizin qəbul etdiyi mühüm qərarlardan biri də 26 iyun Silahlı Qüvvələr Gününün təsis olunması idi. Həmin ordu ki Ümummilli Liderimizin diqqət və qayğısı ilə formalaşmış peşəkar və vətənpərvər milli hərbçi kadrlarla komplektləşdi. Dahi rəhbərin siyasi kursunu layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu gün bütün bu prinsipləri daha geniş şəkildə davam etdirir. Bütün bunların nəticəsidir ki, ordumuz düşmən üzərində parlaq qələbə qazandı.

Səlahiyyətli nümayəndə qeyd edib ki, bu gün ölkəmizdə ordu quruculuğu daha mütəşəkkil şəkildə davam etdirilir. Azərbaycan dünyanın bir sıra qabaqcıl ölkələri ilə hərbi əməkdaşlıq edir. Bu işlərin davamı olaraq cari ildən Milli Müdafiə Universitetinin hərbi kollecləri fəaliyyətə başlayacaq. Belə kolleclərdən biri də Naxçıvan şəhərində istifadəyə veriləcək. Tarixboyu hərb sənətinə böyük marağı olan naxçıvanlıların bu sahədə də fəallıq göstərəcəyinə əminliyini ifadə edən Fuad Nəcəfli bildirib ki, dövlətimiz şəhid ailələrinə daim diqqət və qayğı göstərir. Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında şəhidlərin xatirəsinə memorial abidə kompleksləri ucaldılacaq.

Səlahiyyətli nümayəndə şəhidlərimizə Allahdan rəhmət, qazilərə cansağlığı arzulayıb.

Tədbirdə şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova və şəhid leytenant İbrahim Vəlizadənin atası Səməd Vəlizadə çıxış edərək qəhrəman övladları ilə fəxr etdiklərini dilə gətirib, onların bəxş etdiyi başucalığından danışıblar.

Sonda “Yeni Era” teatrının kollektivi bədii kompozisiya təqdim edib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: