Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi-95

Muxtar respublikada ilk ədliyyə sistemi müasir tələblər əsasında qurulub

A- A A+

Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 1924-cü il yanvarın 18-də yaradılmışdır. Xalq Ədliyyə Komissarlığı adı ilə fəaliyyət göstərən həmin qurum 1946-cı ildən Ədliyyə Nazirliyi adlandırılmışdır. Ölkə ədliyyəsi sovet dövründə dəfələrlə  ləğv edilib, yenidən yarandığı  kimi, muxtar  respublikamızda da nazirlik 1956-cı  ildə ləğv edilmiş, səlahiyyətləri digər orqanlara verilmişdir.

Sovet hakimiyyəti dövründə ideologiya maraqları çərçivəsində dövlət strukturlarının yaradılması, hüquq siyasətinin dəfələrlə dəyişdirilməsi, ədliyyə və məhkəmə orqanlarının bir neçə dəfə ləğv edilməsi və yenidən yaradılması sabit ədalət mühakiməsi sisteminin formalaşmasına mane olurdu. Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilmişdir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan SSR Ədliyyə Nazirliyi, Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin 5 may 1971-ci il tarixli  6 nömrəli büro iclas protokolu ilə Naxçıvan MSSR Ədliyyə Nazirliyi yenidən təsis olunmuşdur.                                 

Müstəqillik əldə etdikdən sonra respublikamızda dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların qəbulu və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər zamanın tələbləri ilə səsləşən, cəmiyyətin inkişafını, vətəndaş hüquq və azadlıqlarının təmini məsələlərini başlıca amil kimi götürmüşdür. Həyata keçirilən islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər görülmüş, Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr qoyulmuşdur.

Ölkəmizdə insan hüquqlarının əsl müdafiəsinə xidmət edən müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirilmiş, yeni üç pilləli məhkəmə sistemi fəaliyyətə başlamışdır. Görülmüş tədbirlər nəticəsində ölkə ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan yeni inkişaf yoluna qədəm qoymuş, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün onlarla normativ hüquqi sənəd qəbul edilmişdir. Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişliklər və əlavələr edilməsi barədə” 2002-ci il 24 avqust tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkəmə icraçıları və məhkəmə nəzarətçiləri, cəzaların icrası, normativ aktların dövlət qeydiyyatı, müvafiq məhkəmələrin maliyyə, maddi-texniki təminatlarının həyata keçirilməsi və digər sahələr üzrə əlavə səlahiyyətlər verildi. Əlavə və dəyişikliklərə qədər nazirlik azsaylı ştat vahidi ilə fəaliyyət göstərirdisə, həmin fərmanın qəbulundan sonra nazirliyin mərkəzi aparatının yeni strukturu  təsdiq edildi, yeni şöbə və bölmələr yaradıldı.

Ümummilli liderin hüquq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquq xidmətinin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoymuşdur. Belə ki, ədliyyə fəaliyyətinin normativ hüquqi əsasları təkmilləşdirilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir.

Muxtar respublika rəhbərinin ədliyyə sahəsinə diqqət və qayğısı nəticəsində ədliyyə orqanlarının müasirləşdirilməsi və inkişafı ilə bağlı son illərdə müvafiq qərarlar qəbul olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2006-cı il 25 aprel tarixdə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi haqqında  Əsasnamə” təsdiq edilmişdir.

2007-ci ildə nazirliyin tarixində ilk dəfə olaraq Penitensiar Xidmət yaradılmışdır.  Xidmətin yaradılması muxtar respublikada cəza-icra siyasətinin həyata keçiriliməsinə öz müsbət təsirini göstərmiş, müasir infrastrukturun yaradılması üzrə ardıcıl tədbirlər həyata keçirilmişdir. Məhkumların saxlanma şəraitinin beynəlxalq standartalara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə saxlanılması istiqamətində tədbirlər görülmüşdür. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi, İstintaq Təcridxanası, 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsi tikilib istifadəyə verilmişdir. Qeyd olunmalıdır ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi ölkəmizdə ilk dəfə olaraq muxtar republikamızda istifadəyə verilmişdir. Müasir tələblərə cavab verən bu müəssisənin yaradılması insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbir kimi xüsusi əhəmiyyətə malikdir.

Muxtar respublikada məhkumluq həyatı yaşayan insanların müxtəlif peşələr üzrə kurslara cəlbi və azadlığa buraxıldıqdan sonra öz  peşələrinə uyğun işlə təmin olunması da diqqət mərkəzində saxlanılmışdır. 2016-cı ildə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yaradıcılıq və istehsalat binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yaradıcılıq və istehsalat binasının istifadəyə verilməsi ölkəmizdə insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Müstəqil Azərbaycanın hər bir vətəndaşı ölkəmiz üçün çox qiymətlidir. Çünki ölkənin inkişafını onun vətəndaşları təmin edirlər. İxtisası və peşəsi olan vətəndaşlar isə ölkəsi və xalqı üçün daha faydalı olur”.

Bu gün ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən nazirlik əhalinin hüquqi maarifləndirilməsində iştirak edir, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, penitensiar sistemə, notariat orqanlarının və qeydiyyat orqanlarının fəaliyyətinə rəhbərlik edir, məhkəmələrin və digər orqanların qərarlarının icrasını, məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə statistikasının aparılmasını, bələdiyyələrə metodoloji yardım və inzibati nəzarəti,  məhkəmə ekspertizalarının keçirilməsini və digər vəzifələrini təmin edir.

Hüquqi dövlətin inkişafı möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Son illər ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm addımlar atılmışdır. Bütün bu inkişafın fonunda ədliyyə orqanları işçilərinin sosial təminatının yaxşılaşdırılması, onların dövlət təltiflərinə, fəxri adlara və yüksək ali rütbələrə layiq görülməsi ədliyyə sisteminə göstərilən dövlət qayğısının bariz ifadəsidir. Qürurla deyə bilərik ki, muxtar respublikada gedən sürətli sosial-iqtisadi inkişaf, əhalinin rahat və təhlükəsiz yaşamasına, onların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına xidmət edir. Ədliyyə işçiləri bundan sonra da uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq xidməti vəzifələrini layiqincə yerinə yetirəcəklər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: