Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi-95
İnsan sağlamlığı cəmiyyətin ən qiymətli sərvətidir
1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Səhiyyə Komissarlığı yaradılıb və səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulub.
Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ümummilli liderimiz səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir”.
Ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə muxtar respublikada 1156 yerlik xəstəxana, poliklinika və ambulatoriyalar tikilmişdir ki, bu da genişmiqyaslı quruculuq və inkişaf konsepsiyasının əyani ifadəsidir. Bu gün dövlət başçısı cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi yolu uğurla davam etdirməsi səhiyyə sisteminin də inkişafına səbəb olub. Qəbul olunmuş dövlət proqramlarının icrası xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, xəstələrin dərmanla təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində tibbi profilaktikanın genişləndirilməsi, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası daim diqqət mərkəzində saxlanılır. Son illər tikilərək və ya yenidən qurularaq istifadəyə verilən Naxçıvan Muxtar Respublika Xəstəxanası, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Doğum Mərkəzi, Naxçıvan Tibb kolleci, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Uşaq Bərpa Mərkəzi, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, Duzdağ Fizioterapiya, Kardioloji, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və Epidemiologiya mərkəzləri, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, rayon mərkəzi və sahə xəstəxanaları, kəndlərdə həkim ambulatoriyaları, feldşer-mama məntəqələri səhiyyə sistemində aparılan quruculuq işlərinin daha bir ifadəsidir.
Ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə ölkə Prezidentinin müvafiq tapşırığı, səhiyyə sistemində qəbul edilmiş dövlət proqramları hər il muxtar respublikamızda da uğurla icra olunur, tibbi müayinə zamanı aşkar olunan ilkin, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb edilir. Ahıl, eləcə də torpaqlarımızın və dövlətçiliyimizin qorunması zamanı əlil olmuş vətəndaşların, müxtəlif yaş qrupuna daxil olan əhalinin kütləvi müayinələri diqqət mərkəzində saxlanılır.
Uşaqların icbari dispanserizasiyadan keçirilməsini təmin etmək üçün muxtar respublika səhiyyəsində ardıcıl tədbirlər həyata keçirilir, uşaq əhalisinə tibbi xidmətin səmərəliliyi ildən-ilə yüksəldilir. Həmin tədbirlərin davamı olaraq ötən il oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir.
Muxtar respublikanın səhiyyə müəssisələrində xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin aşkar və aktiv müalicəyə cəlb edilməsi, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı mümkün olub. Şəhər və rayon xəstəxanalarında 34 hemodializ aparatı qurulub.Yaradılmış təminat hesabına hazırda Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzi xəstəxanalarında 123 xəstə üçün həftədə 3 dəfə olmaqla, 4 saatlıq proqramlı hemodializ seansı keçirilir. Həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təmin olunması xeyli yaxşılaşıb. 2007-ci ildə verilmiş qlükometr aparatları və test lövhələrindən ibarət özünənəzarət vasitələri yeniləri ilə əvəz olunub.
Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait mərkəzi qan bankının fəaliyyətinə geniş imkanlar açıb. Qan Bankında qan komponentlərinin uzun müddət saxlanılması üçün dondurucu və soyuducu avadanlıqlar mövcuddur. Bu isə qanı 42 günə qədər, plazmanı isə 1 ilə qədər saxlamağa imkan verir. Görülən işlərin nəticəsi olaraq muxtar respublikada talassemiya və hemofiliyalı xəstələrin ömür müddəti uzadılıb və son 10 ildə talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan isə təxminən 2 dəfə azalıb.
Naxçıvanda səhiyyə turizmi də diqqətdə saxlanılan məsələlərdəndir. Muxtar respublikada Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxansı, Diaqnostika Müalicə Mərkəzində aparılan fizioterapevtik müalicələr eyni zamanda səhiyyə turizminin inkişafına da stimul verir. Nəticədə muxtar respublikada sanator-kurort müalicələrinə başlanılıb və ilk olaraq Bakı və Sumqayıt şəhərlərindən 198 əlilliyi olan şəxsin 10 gün müddətində müalicə kursu keçməsi təşkil edilib. Naxçıvan Muxtar Respublikası Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsində Şorsu palçığı ilə müalicəyə gələnlərin sayı get-gedə artmaqdadır.
Şorsu palçığı fizioterapevtik müalicə üsulu ilk dəfə Naxçıvan Muxtar Respublika Xəstəxanasında tətbiq edilib. Reabilitasiya şöbəsində tam komplektləşdirilmiş fizioterapevtik kabinələrdə müalicəvi bədən tərbiyəsi, bütün növ elektroterapiya, lokal traksiya, lazer terapiya, limfodrenaj, maqnitoterapiya, hidroterapiya, ozonoterapiya, hidrokolonoterapiya, parafinterapiya, Naftalan nefti ilə müalicələr aparılır. Şöbənin elektroterapiya və medical fitness bölməsi dünya reabilitasiyasının məşhur brendi olan cihazlarla təchiz olunub. Fizioterapiya ilə müalicənin üstünlükləri ondan ibarətdir ki, dərman xəstəliyi və allergiya törətmir, müalicə imkanlarını genisləndirir və müalicə müddətini qısaldır.
Bu gün fizioterapiya ilə müalicənin rayon və kənd səhiyyə müəssisələrində də aparılmasına şərait yaradılıb. Ali Məclis Sədrinin tapşırığı ilə fizioterapevtik müalicələr üçün avadanlıqlar alınaraq 51 kənd həkim ambulatoriyasında qurulub. İndi hətta ucqar dağ və sərhəd kəndlərində xəstələrin elektroterapiya və ultrasəslə müalicə, ultrayüksək tezlikli cərəyanla, parafinlə, Solyusk lampası ilə müalicə aparatları vardır.
Ötən il noyabrın 24-də Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobili təqdim olunması xidmətin təşkilində keyfiyyətcə yeni mərhələ açıb. Muxtar respublika rəhbərinin göstərişi ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Ekstrakorporeal Membran Oksigenasiyası kimi insan həyatı üçün mühüm olan cihazla təmin edilib. Səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Bu və digər səhiyyə müəssisələri Təcili yardım, elekrokardioqrafiya, exokardioqrafiya, EKQ-tredmil, rentgen, çoxprofilli diaqnostika, hemodializ, cərrahiyə, kardiocərrahiyə şöbələri, çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, qan bankı, pulmonoloji, stomatoloji, burun-qulaq-boğaz, oftalmoloji, terapevtik, ginekoloji kabinələr fəaliyyət göstərir. Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməkliyi ilə müxtəlif üzv və sistemlərin hərtərəfli müayinəsi mümkündür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbov ötən il əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Tibb Kollecinin açılışında demişdir: ”Hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir. Səhiyyə işçiləri isə yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət göstərməlidirlər. “
Hazırda yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laporaskopik, LOR, göz və digər mürəkkəb cərrahiyə əməliyyatları aparılmasına nail olunub. Artıq mürəkkəb cərrahi əməliyyatların da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını alıb. Aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stend qoyulması, müxtəlif göz və digər əməliyyatların aparılması uğurla davam etdirilir. Həkim briqadalarının yerlərdə fəaliyyəti tibbi xidmətin əhatə dairəsini genişləndirməyə imkan verir.
Muxtar respublikada əhali sağlamlığının və rifahının yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması, 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salıb. Səhiyyənin inkişafı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı və digər bu kimi mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına ciddi təkan verib. Belə ki, 1995-ci ildə muxtar respublikada orta ömür uzunluğu 69 yaş, o cümlədən kişilərdə 65,3, qadınlarda isə 72,5 yaş təşkil edirdisə, indi bu göstərici 78,6 yaş, o cümlədən kişilər üçün 76,3, qadınlar üçün isə 80,9 yaş səviyyəsindədir.
Aparılan səhiyyə islahatları çərçivəsində Sədərək rayon Mərkəzi Xəstəxanası, Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası və Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsə çevrilib. Səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə artıq bir ildir ki, Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bu il icbari tibbi sığortanın digər rayonlarda da tətbiqi səhiyyənin yeni inkişaf mərhələsinə çıxaracaqdır.
Bu gün muxtar respublikanın səhiyyə müəssisələrində 1290 həkim, 2260-dan artıq orta tibb işçisi çalışır. Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün korpusun, Naxçıvan Tibb Kollecinin müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır,o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlifprofilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır.
Ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa,əhalinin sağlamlığının qorunmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaradılmasının 95-ci ildönümünü yüksək nailiyyətlərlə qeyd edən tibb işçiləri bundan sonra da səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verəcəklər.