“Torpaq bizi bağışlamaz”

A- A A+

İgid oğullar yurdu üçün canını qurban verib, qanı ilə o torpağını sulayırsa, torpaq adi torpaq olmaqdan çıxıb Vətən olur. O, Vətəndir ki, uğrunda canından keçən oğulları ilə var olub, şəhidi ilə müqəddəsləşir. Şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Kərim Kərimovdur.

Qeyd edək ki, bu gün qəhrəmanımızın doğum günüdür.

Qəlibi vətən üçün döyünən Kərim 1971-ci il iyul ayının 2-də Şərur rayonunun Qarahəsənli kəndində anadan olub. Orta təhsilini burada başa vuran vətənin igid oğlu Tümenə getmiş və Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinə qəbul olur. Kərim Kərimov siyasi və hərbi hazırlıq əlaçısı idi. Təhsil aldığı dövrdə ölkəmizdə yaranan çətin vəziyyətdən xəbər tutan vətənin igid oğlu onunla təhsil alan 15 nəfər azərbaycanlı kursantı ətrafına toplayıb deyir: “Uşaqlar, bu gün Vətənimizin ağır günüdür. Ölkənin hərbi mütəxəssislərə böyük ehtiyacı var. Əgər biz günahsız insanların Qarabağda axıdılan qanına biganə qalsaq, onda torpaq bizi bağışlamaz”. Qəhrəmanımızın bu sözünə etinasız qalmayan vətənpərvər gənclərimiz məktəbdə son kurslarında təhsillərini yarımçıq qoyaraq Azərbaycana qayıdıb, təhsillərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində davam etdirirlər. Biləcəridə təlim keçən vətənin qəhrəman oğulları aprel ayının 15-də Goranboy rayonuna göndərilir. Gəldikləri gündən “Tümendən gələn zabit” kimi tanınan 21 yaşlı Kərim Kərimov istehkamçılar bölməsinə komandir təyin olunur. Xidmətini qüsursuz yerinə yetirən qəhrəmanmız bütün tapşırıqların öhtəsindən layiqi ilə gəlir.

1992-ci il mayın 1-də Tapqaraqoyunlu kəndi ətrafında minalanmış sahələrin zərərsizləşdirilməsi əməliyyatı aparılır. Burada igidlik göstərən qəhrəmanımız bir neçə döyüş yoldaşı ilə birlikdə Talış təpəsinə qalxaraq düşmənlə mübarizə aparırlar. Qəhrəmanımız döyüşçüləri ilə birgə böyük şücaət göstərək 40 nəfərə yaxın düşməni məhv edir. Ağır döyüşləri davam etdirən vətənin igid oğlanları döyüşə-döyüşə yüksəkliyi düşməndən azad edirlər. Ancaq bu qələbəni qəbul edə bilməyən düşmən səhər saatlarında Talış kəndindən güclü hərbi texnikanın köməyilə döyüşçülərimizi mühasirəyə alır. Hər tərəfdən hücuma keçən düşmənlə şiddətli döyüşə qatılan qəhrəmanımız hücumların qarşısını almaq üçün öz avtomatını yoldaşına verib, qumbaraatanla əks-hücuma keçir. İlk həmləsində düşmənin bir döyüş maşını vuran qəhrəmanımız ikinci maşına atəş açdığı zaman ağır yaralanır. Vətənin igid oğlu əsir düşməmək üçün odlu siqnal fişəngini sinəsinə sıxaraq qəhrəmancasına həlak olur. Həmin döyüşdə şəhidliyə ucalan bir neçə döyüşçümüzün cəsədini düşmən özü ilə aparır. Sonralar kəndlərimizin düşməndən təmizləmə əməliyyatı ilə Milli ordumuz qısa zamanda 14 kəndimizi işğaldan azad edir. Talış kəndi uğrunda əməliyyatlara başlanılan zaman Kərimin atası və əmisi də döyüşlərə qatılır. Milli ordumuzun əsr görürdüyü iki düşmənin köməkliyi ilə ferma ətrafında bastırılan qəhrəmanımızın cəsədi tapılaraq iyun ayının 17-də doğma kəndi Qarahəsənlidə dəfn olunur.

Qeyd edək ki, vətənini canından çox sevən Kərim Kərimov torpaqlarımız uğrunda göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 1992-ci il tarixli 193 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Qəhrəmanımızın xatirəsi əbədiləşdirilərək Qarahəsənli kəndində onun büstü qoyulur. Adı Goranboy və Şərur rayonlarında məktəb və küçəyə verilir.

Vətəninin dar anına biganə qalmayan qəhrəman, ruhun şad olsun! Sənin kimi igidlər sayəsində torpaq müqəddəsləşib Vətən oldu. Məzarınızda rahat uyuyun. Haqq-ədalət yerini tutdu. Nahaq axıdılan qanların qisası düşməndən layiqi ilə alındı. İndi bötöv inkişaf edib, günü-gündən güclənən dövlətimiz, çiçəklənib al-əlavan olan Vətənimiz var. Bizlərə bütün bunları ərmağan edən qəhrəman oğullarımızla hər zaman qürur duyacağıq!

Səriyyə Salahova

Naxçıvan Televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: