Naxçıvan DİN kollektivi Ulu Öndərin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib - VİDEO
Bu gün Azərbaycan Respublikasının təhlükəsizliyinin, asayişinin keşiyində duran şərəfli polislərimizin günüdür. Onların bu vəzifəni layiqincə yerinə yetirmələrindən 106 il ötür. NUHÇIXAN xəbər verir ki, bu münasibətlə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov və Daxili İşlər Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.
Ziyarətçilər abidə önünə çələng və tər güllər düzüb, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Sonra Şəhidlər Xiyabanını ziyarət edib, torpaq və vətən uğrunda canından keçən soydaşlarımızın xatirəsinə etiramlarını bildiriblər.
Ziyarətçilər xiyabandakı 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılan abidəni də ziyarət edib, önünə tər güllər qoyublar.