Vətəndaşlıq borcunu yerinə yetirən qəhrəman

A- A A+

1995-ci il mart hadisələri… Ölkəmizin müstəqilliyinə qarşı başladılan qiyamda bir çox gənc əsgərlərimiz Vətənə xidmət edərək vətəndaşlıq borcunu şərəflə yerinə yetirdilər. Belə oğullar qəhrəmanlıqları ilə Azərbaycanın şərəf tarixinə və xalqın qəlbinə adlarını əbədilik yazdılar. Hər zaman xatırlanıb, xatirəsi əziz tutulan, ömrünü Azərbaycanın müstəqilliyinə həsr edən gənc igidlərimizdən biri də Samir Zülfüqarov oldu.

Bu gün Milli Qəhrəmanımızın doğum günüdür. 1976-cı il iyul ayının 3-də Şabran rayonunda anadan olan Samir orta təhsilini burada səkkizinci sinfə kimi oxuyur. Ailəsinin vəziyyəti ağır olduğuna görə təhsilini yarımçıq qoyan qəhrəmanımız işləyib ailəsinə dəstək olmağa məcbur olur. Hələ uşaq yaşlarından ailəsinin qayğıları ilə maraqlanan vətənin igid oğlu qəlbində bu səmimi sevgini vətəni üçün də bəsləyir... 1994-cü ildə milli ordu sıralarına çağrılan qəhrəmanımız xidmət etdiyi "N" saylı hərbi hissədə təlimlərdə iştirak edərək silahlardan istifadə qaydalarını tez bir zamanda öyrənir. Xidməti dövründə ciddiliyi və nizam-intizamı ilə seçilən Samir komandir və əsgərlər arasında hörmət qazanır. Xidməti dövründə məzuniyyət haqqından istifadə edib ailəsinin yanına yollanan Samir qiyam xəbərini eşidər-eşitməz hərbi hissəyə geri qayıdır. Əsgər yoldaşları ilə birgə müstəqilliyimizə qarşı qaldırılan qiyamın qarşısını almağa çalışır. Silahlı dəstəni zərərsizləşdirərkən aparılan əməliyyatlarda iştirak edir. Qəhrəmanımız qarşı tərəfin açdığı atəşlə ağır yaralanır. Qiyamın qarşısı alınaraq tezliklə yatırılır. Ancaq gənc ömrünü dövlətçiliyimiz və suverenliyimizə adayan qəhrəmanımız son nəfəsini də bu yolda verərək şəhid adını qazanır. Qəhrəmanımız Şabran rayonunun Ağbaş kəndində dəfn edillir.

Müstəqil Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyimizin müdafiəsində vətəndaşlıq borcunu yerinə yetirən vətənin igid oğlu Samir Zülfüqarov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür. Xatirəsi əziz tutulan qəhrəmanımızın adı Şabran rayonu 3 saylı orta məktəbə verilərək əbədi yaşadılır.

Ruhun şad olsun vətən oğlu! Bizlərə əmanət qoyduğunuz müstəqil dövlətimiz göz bəbəyi kimi qorunaraq daimi, əbədi, güçlü bir məmləkət olub. Bütün bunları bizlərə bəxş edən qəhrəmanlarımızla fəxr edir, qürur duyuruq!

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: