NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 1990-cı il 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov 20 Yanvar hadisələri ilə bağlı geniş məlumat verib. Bilirilib ki, bu faciə milli ideallar uğrunda mübarizə aparan soydaşlarımızın hər cür məhrumiyyətlərə sinə gərmək əzminin bariz ifadəsi, xalqımızın tarixinə yazılan şanlı bir səhifədir.
Qeyd edilib ki, Sovetlər İmperiyası rəhbərliyinin bu təcavüzkar aksiyanı həyata keçirməkdə məqsədi, Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini beşikdəcə boğmaq və ona ağır mənəvi zərbə vurmaq olub. Törədilmiş qanlı cinayətlər nəticəsində 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətimizə və vətəndaşlarımıza külli miqdarda maddi və mənəvi ziyan dəyib.
Qanlı hadisənin səhəri günü ümummilli lider Heydər Əliyevin heç kimdən və heç nədən qorxmadan Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, 20 Yanvar günü Bakı şəhərində törədilmiş qırğınının səbəbkarlarını-Mixail Qorbaçov və onun əlaltılarını adları ilə açıq şəkildə günahlandırıb.
Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıb. Məhz Ümummilli liderin müvafiq Sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olunub. Şəhidlər Xiyabanındakı möhtəşəm xatirə kompleksi də məhz ulu öndərin təşəbbüsü ilə ucaldılıb. Prezident cənab İlham Əliyev tərəfindən həmişə şəhid ailələrinə lazımi diqqət və qayğı göstərilir, 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə hər il birdəfəlik dövlət yardımları edilir.
Daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, 20 Yanvar günü hər il olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikasında ümumxalq hüzn günü, muxtar respublikanın rayon və şəhərlərində şəhidlərin xatirəsinə ucaldılan abidələrin önündə insanların izdihamlı keçidi ilə yad ediləcəkdir. Tədbirdə Muxtar Respublika Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun bu sahədə gördüyü işlər, atdığı humanist addımlar sadalanıb, onun bu sahədə imzaladığı Sərəncamlar, verdiyi tapşırıqlar xüsusi vurğulanıb.
Tədbir digər çıxışlarla davam etdirilib.