Eyni bazar fərqli qiymət – meyvələrin söhbəti - FOTOLAR

A- A A+

Naxçıvanda məşhur bir bazar var. El arasında “57” bazarı adlanır. Bazar topdan və pərakəndə fəaliyyət göstərir. Bütün uzaq rayon və kəndlərdən gələn, həmçinin şəhər sakinlərinin üz tutduğu ən böyük bazardır bu bazar. Adətən, bu mövsümdə insanlar bazara daha çox kənd təsərrüfatı məhsulları, əsasən də, meyvə-tərəvəz üçün üz tuturlar. Sağlam yaşamımızı və kalorimizi düzgün təmin etmək üçün bədənimizin immun sistemini formalaşdıran meyvələrdir mövzumuz. Hər insan mütləqdir ki, gün ərzində hansısa meyvə və tərəvəzi qəbul etməlidir bu aylarda. Sakinlər və şəhərimizin qonaqları isə meyvə-tərəvəz almaq üçün üz tutur bu “ucuz” meyvə bazarına. Bu bazara daxil olarkən yadıma Füzulinin “Meyvələrin söhbəti” alleqorik poeması düşür. Adam bəzən elə düşünür ki, ustad Füzuli “Meyvələrin söhbətini” yazarkən birazca tələsib. Bizim dəllallardan ərzi-hal etsəydi, ustada elə söhbətlər edərdilər ki, ustad meyvələrdən yox, dəllallardan yazardı. Biz uşaq vaxtı oxuyurduq ki, bu poemada meyvələr bir-birini öyür, bir-biri ilə rəqabət aparırlar. Amma bu meyvə bazarında vəziyyət fərqlidir. Burada alverçilər meyvələri öyüb, banan yemək istəyənə şaftalı, ərik yemək istəyənə gilas, göycə yemək istəyənlərə isə yaxşı tərəvəz təklif edir, hətta sırıyırlar. Hələ bu harasıdır ki, eyni boyda, eyni rəngdə almanı, misal üçün, soruşduqda 2 və 3 manata təklif olunur. Eyni pomidor 1-1.30 və 2 manata təklif olunur. Soruşanda fərq nədir? Alverçinin çevikliyi yenə işə düşür və deyir: “Bu başqa almadır, bu başqa pomidordur, yesəniz bilərsiniz”. Yəni almalısınız deməkdir bu firəngcə. Onsuz alsanız belə digərinin dadına baxmadığınız üçün elə düşünəcəksiz ki, atası rəhmət elə düz deyir alverçi qardaş. Əcəb işə düşmək deyirlər buna.

Belə görünür ki, bazarlarda var-gəl edən bəzi möhtəkir və dəllallar min bir zəhmət çəkib məhsul yetişdirən təsərrüfatçılardan çox qazanır. Alır 40 qəpiyə, satır azı 1 manata... Və belə hal və faktlar da yetəri qədərdir. Hələ Naxçıvanın ət və ət məhsullarını ucuz qiymətə kəndlilərdən alıb, ölkənin başqa bölgələrində baha satmağa çalışan, bu yolla muxtar respublikada ət qıtlığı yaratmağa böyük həvəs göstərən kələkbazlar da meydana çıxmaqdadır. Dövlət orqanları bu cür adamlarla ciddi mübarizə aparmalıdırlar.

Haqq sahibinin də gərək haqqına girməyəsən, bu dəllallarla bərabər bütün alverçiləri zənn və şübhə altında qoymaq deyil məqsədimiz. Burada təkcə müştərilər aldadılmır. Ən çox aldadılanlar öz halal zəhməti ilə öz torpağında becərdiyi meyvə-tərəvəzi min bir əziyyətlə gətirib həvəslənib yaxşı qiymətə satmaq istəyərkən dəllallar tərəfindən “qarət” olunan əkin sahibləridir. Dəllallar onlara heç kimin bilmədiyi dildə izah edir ki, yəni gətirdiyiniz məhsulun heç bir dəyəri yoxdur. Hər yerdən bu məhsulları gətiriblər. Alan yoxdur, qalacaq əlinizdə. Bu qəbildən olan o qədər söz deyirlər ki, əkinçiyə. Əkinçi düşünür, əşi əlimdə qaldığına qoy sırıyım ucuz qiymətə bunlara cəfasını onlar çəksin. Beləcə, olan həm əkinçiyə, həm də meyvə-tərəvəzi od bahasına alan müştərilərə olur. Mərhum şair Mirzə Ələkbər Sabir demişkən:

Öz halını sal indi özün yadə, əkinçi!

Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Üzümüzü kənd təsərrüfatı ilə məşğul olan məhsul sahiblərinə və bazara yol alan müştərilərə tutub deyirik ki, öz malınızı özünüz satmaq istəyirsinizsə və müştərilərin sizdən lazım olan meyvə-tərəvəzi almasını zəruri hesab edirsinizsə 57 bazarı ilə bərabər yollanın köhnə bazar adlanan Mərkəzi Bazara. Günlük 3-5 manat arası yerpulu ödəməklə özünüz ərsəyə gətirdiyiniz məhsulun satışını təşkil edə bilərsiniz burada. Həm sıxlıq müşahidə olunmaz, həm də müştəri alacağı malı rahat alma imkanını əldə edər.

Ümid edirik yanacağın cuzi bahalaşmasından sonra bu dəllallar hay-küy salıb meyvə-tərəvəzi də bahalaşdırmaz. Əgər bahalaşma olsa, gərək kənddə dərilən ərik, alma, üzüm, pomidor, xiyar və sair meyvə-tərəvəzlər özləri zəhmət çəkib yerdə, ya da at-eşşəklə bazara gəlsinlər bir zəhmət. Bu isti və ehtiyac olunan aylarda şirin-şirin yeyilmək istəyirlərsə, öz əziyyətlərini özləri çəksin. Biz də gedib alverçinin, dəllalın, əkinçinin boğazından yapışmayaq ki, bu niyə od bahasınadır?

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: