Bu il fevralın 12-13-də Əddis-Əbəbədə Qida Məhsullarının Təhlükəsizliyi məsələlərinə dair Birinci Beynəlxalq Konfrans keçiriləcək. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Səhiyyə Təşkilatı (DST) bu ərəfədə xatırladıblar ki, hər il 600 milyon insan keyfiyyətsiz qida məhsulları istehlakı nəticəsində xəstələnir. Qida mənşəli xəstəliklər insanın sağlamlığı və iqtisadiyyat üçün ciddi təhlükə mənbəyidir. Yoxsul və orta inkişaf səviyyəli ölkələrdə qida zəhərlənmələrinin vurduğu ziyanın həcmi ildə 100 milyard dollara çatır.
NUHÇIXAN xəbər verir ki, səhiyyə nazirlərinin, kənd təsərrüfatı nazirlərinin, aparıcı alimlərin, habelə qida məhsullarının istehlakçı, istehsalçı və distribüterlərinin nümayəndələrinin iştirakı ilə keçiriləcək konfransda qida məhsullarının təhlükəsizliyinin qlobal miqyaslı cari və gələcək problemlərinin həlli yolları müəyyən ediləcək.
DST ekspertləri xatırladırlar ki, keyfiyyətsiz qida yüzlərlə infeksion və qeyri-infeksion xəstəliklərə, o cümlədən xərçəngə səbəb ola bilər.
DST-nin press-relizində deyilir: “Hər il 2 milyon insan qida məhsulları və su vasitəsilə keçən diareya xəstəlikləri nəticəsində dünyasını dəyişir. Qida məhsullarının tərkibində olan kontaminantlar (çirkləndirici aşqarlar), o cümlədən zərərli parazitlər, bakteriyalar, viruslar, prionlar, kimyəvi və radioaktiv maddələr 200-dən çox müxtəlif infeksion və onkoloji xəstəliklərə yol açır”.
BMT Baş Assambleyasının 2018-ci il dekabr ayında BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilmiş 73-cü sessiyanın nümayəndələri bu problemin qlobal miqyasını nəzərə alaraq iyunun 7-sini Dünya Qida Məhsullarının Təhlükəsizliyi Günü elan ediblər.
BMT Baş Assambleyasının üzvləri vurğulayıblar ki, ərzaq istehsalı və satışı əməliyyatları zənciri xeyli mürəkkəbləşib və ərzaqla bağlı hər hansı neqativ hallar bütün dünyada əhalinin sağlamlığı, ticarət və iqtisadiyyat üçün ciddi nəticələr doğura bilər. BMT Baş Assambleyasının üzvləri xatırladıblar ki, Dünya Səhiyyə Təşkilatı qida məhsullarının beynəlxalq standartlarının işlənib hazırlanmasında aparıcı rol oynamalıdır. Dövlətlər istehlakçıların sağlamlığını qorumağa çağırıblar.