Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

A- A A+

Yanvarın 18-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, komitənin sədri Aqiyə Naxçıvanlı əvvəlcə 2018-ci il payız sessiyasının yekunlarından söz açıb. Bildirib ki, hesabat dövründə komitənin 4 iclası keçirilib, 6 məsələ, o cümlədən 4 qanun layihəsi müzakirə olunub. Müzakirəyə çıxarılan qanun layihələrinin hamısı Milli Məclisdə qəbul olunub.

Deputatlar komitənin payız sessiyasına dair hesabatını məqbul sayıblar.

İclasda, həmçinin 2019-cu ilin yaz sessiyası üçün komitənin iş planı müzakirə olunub. Müzakirələrdə çıxış edən komitə üzvləri 2019-cu ilin yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə fikirlərini bildiriblər, bir sıra təkliflər veriblər. Sonra komitənin iş planı təsdiqlənib.

Daha sonra Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Qeyd edilib ki, dəyişikliyə əsasən Ailə Məcəlləsinin 164.1-ci maddəsində “təqdim edildikdə” sözləri “əsasında” sözü ilə əvəz olunur və həmin maddəyə “Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur” məzmunlu ikinci cümlə əlavə edilir.

Bildirilib ki, Ailə Məcəlləsinin 164.1. maddəsinə təklif olunan dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrası ilə bağlı elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi məqsədi daşıyır.

Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında digər qanun layihəsinə əsasən isə Məcəllənin 166.2-ci maddəsində “valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər” sözləri “uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs” sözləri ilə əvəz edilir. Bildirilib ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər doğumun qeydə alınmasının notariat qaydada müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədini daşıyır.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: