NUHÇIXAN xəbər verir ki, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu” əsəri ilk dəfə olaraq Brayl əlifbası ilə çap edilib.
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə inteqrasiyasına hərtərəfli şərait yaradılıb. Görmə qabiliyyəti məhdud olan uşaqlara informasiya texnologiyaları sahəsində bilik və bacarıqların aşılanması ilə yanaşı, həm də onların təhsil səviyyəsinin yüksəldilməsi, mütaliə bacarıqlarının artırılmasında Brayl əlifbası ilə çap olunan jurnallar mühüm rol oynayır.
Bu tədbirlərin davamı olaraq, “Oxunması zəruri olan kitablar siyahısı”na daxil edilən “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu” əsəri ilk dəfə olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Brayl əlifbası ilə çap edilərək ayda bir dəfə nəşr edilən “Könül işığı” jurnalının növbəti buraxılışına əlavə edilib.
Həmçinin, sözügedən əsər Mərkəzin audio studiosunda da səsləndirilərək, görmə məhdudiyyətli şəxslər üçün yaradılmış audio kitabxana xidmətinin kataloquna da daxil olunub. Mərkəzin audio kitabxana xidmətindən istifadə etmək istəyən şəxslər qeydiyyatdan keçdikdən sonra 258 nömrəsini yığmaqla burada olan kitabları dinləyə bilərlər.
Sadiq Məmmədov