Muxtar respublika iqtisadiyyatına 103 milyon manata yaxın kredit yönəldilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən kollegiya iclasında idarənin sədri Elvin Axundov 2018-ci ildə görülən işlərdən və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulan tapşırıqlardan danışıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 01 yanvar 2019-cu il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 102 milyon 681 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 2 milyon 964 min manat, uzunmüddətli kredit qoyuluşu isə 99 milyon 717 min manat təşkil edir. Kredit qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 267 min manat artıb.

Vurğulanıb ki, Mərkəzi Bankın kreditləşmədə əsas məqsədi aqrar sektorun inkişafı, ixraca yardım və daxili bazarın qorunması, kiçik və orta sahibkarlığın inkişafına nail olmaqdır. “2014-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq kredit təşkilatları tərəfindən 2018-ci il ərzində 132 nəfər fiziki və hüquqi şəxsə 247 ədəd olmaqla 3 milyon 506 min  manat dəyərində lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib.

2018-ci ilin yanvar-dekabr ayları ərzində banklara 49 milyon 612 min manat kredit borcu qaytarılıb. Vaxtı keçmiş kredit borclarının yığılması işi sürətləndirilərək 2018-ci il ərzində Sahibkarlığın İnkişafı Fondu vəsaitlərindən 4 milyon 500 min manat vaxtı keçmiş kredit borcları yığılıb.

Nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilib, dövlət təşkilatlarında əhaliyə göstərilən xidmətlər üzrə rüsum və xidmət haqlarının nağdsız ödəniş alətləri vasitəsilə ödənilməsi imkanları artırılıb. Əsas ödəniş alətlərindən sayılan POS-terminalların quraşdırılması daim diqqət mərkəzində saxlanılıb, əvvəlki illərdə olduğu kimi 2018-ci il ərzində də POS-terminallar quraşdırılaraq onların sayı 1272-yə çatdırılıb. Banklar tərəfindən POS-terminalların quraşdırılması hal-hazırda davam etdirilir.

Bildirilib ki, muxtar respublikada fəaliyyət göstərən 17 bank qurumunun hamısında təcili pul köçürmələri sistemi fəaliyyət göstərir. 2018-ci ilin yanvar-dekabr ayları ərzində təcili pul köçürmələri vasitəsilə dünyanın 40-dan çox ölkəsindən muxtar respublika vətəndaşlarının adına 6 milyon 336 min ABŞ dolları məbləğində pul köçürülüb və banklar vasitəsilə ödənilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən Naxçıvan Dövlət Texniki Kollecinin “Bank işi” ixtisası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən hamiliyə götürülüb.

Sonra məruzə ətrafında çıxışlar edilərək ötən il görülən işlərdən və qarşıda duran vəzifələrdən danışılıb.

İclasda Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin 2019-cu ilə dair iş planı təsdiq olunub.

Rəmzi İbrahimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: