NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində keçirilən tədbirdə əvvəlcə 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, XX yüzillik Azərbaycan xalqının taleyinə, tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, eləcə də milli oyanış və özünüdərk əsri kimi də daxil olub.
Vurğulanıb ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra Bölmənin əməkdaşları çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə keçmiş sovet ordusunun insanlığa yaraşmayan faciə törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən söhbət açıblar. Diqqətə çatdırılıb ki, bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş videomaterial da nümayiş olunub.
Mədinə Rəhimli