NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsində keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çağırışçıların hərbi xidmətə yolasalınma mərasimini idarənin rəisi vəzifəsini müvəqqəti icra edən, mayor Hafis Nəcəfov açıb.
Bildirilib ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki bazasına, hərbi potensialına, döyüş imkanlarına, kadr hazırlığına və digər hərbi göstəricilərinə görə ilk sırada dayanır. Qeyd olunub ki, ordumuzun aprel döyüşlərində, Günnüt əməliyyatında qazandığı qələbələr əsgərlərin döyüş ruhunu daha da artırır.
Sonra çıxış edənlər ordu sıralarına yola düşən gənclərimizin Vətənimizə şərəflə xidmət edəcəklərinə, şanlı ənənələrimizi sədaqətlə yaşadacaqlarına inandıqlarını qeyd edib və onlara müvəffəqiyyətlər arzulayıblar.
Valideynlər adından çıxış edən Nurəddin Novruzov xidmətə yola salınan çağırışçılara tövsiyyələrini verib.
Çağırışçılardan Elnur Fərəcov vətənə ləyaqətlə xidmət edəcəklərini bildirib.
Turab Hacızadə