“Sağlam uşaqlarla sağlam gələcəyə” adlı kitabın təqdimatı keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasında “Sağlam uşaqlarla sağlam gələcəyə” adlı kitabın təqdimatı olub.
Xəstəxananın baş həkimi Rəhim Rəhimov kitab haqqında ümumi məlumat verərək bildirib ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis şəkildə çap olunan “Sağlam uşaqlarla sağlam gələcəyə” adlı metodik vəsait Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaranmasının 95 illiyinə həsr olunub. Kitab 2018-ci ildə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasında keçirilən seminarların xülasəsindən ibarətdir. Qeyd olunub ki, müxtəlif ədəbiyyatlardan istifadə nəticəsində ərsəyə gələn bu kitabdan valideynlərlə yanaşı, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin və Tibb Kollecinin tələbələri də faydalana biləcəklər.
Səhiyyə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Hüseyn Əsgərov, nazirliyin əməkdaşı Sərxan Əkbərov, xəstəxananın şöbə müdirləri Şəmsi Əsgərov, Nizami Məmmədov, Yazgül Rzayeva və metodoki vəsaitin müəllifləri kitabda yer alan məlumatların əhəmiyyətindən danışıblar.
Vurğulanıb ki, bu gün muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir.
Qeyd edək ki, metodik vəsait Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qərarı ilə çap olunub. Kitabın tərtibçisi Azərbaycan Respublikasının Əməkdar həkimi, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimovdur.
Röyal Kərimov