Naxçıvan Şəhər İcra Hakimiyyətində müşavirə olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2018-ci ilin sosial-iqtisadi inkişafinin yekunları və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının  qarşıya qoyduğu  vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək hesabat dövrü ərzində Naxçıvan şəhərində bütün sahələrdə görülən işləri ayrı-ayrılıqda ətraflı təhlil edib. Qeyd olunub ki, 2018-ci il Naxçıvan şəhərinin ictimai və təsərrüfat həyatında abadlıq-quruculuq işlərinin geniş vüsət alması, sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərlə yadda qalıb. Bildirilib ki, ötən ilin ən yadda qalan hadisəsi ölkə prezidenti Cənab İlham Əliyevin muxtar respublikaya səfəri olub. Səfər zamanı dövlət başçısı Naxçıvan şəhərində Müəllimlər İnstitutunun, Qaraxanbəyli kənd orta məktəbinin, Naxçıvan şəhər Sutəmizləyici Qurğular Kompleksinin açılışlarında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Sərhəd Dəstəsində və Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Əlamətdar hadisələrdən biri də Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmasıdır. Həmçinin, 2018-ci ildə Naxçıvan şəhəri ölkəmizin gənclər paytaxtı seçilib.

Qeyd olunub ki,  “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan şəhərində yeni xidmət və yaşayış komplekslərinin tikintisi, yenidən qurulması, əsaslı təmiri başa çatdırılıb. Hazırda Əlahiddə Ümumqoşun Ordu üçün xəstəxananın, hərbi zavodun, anqarın, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin, şəhərdaxili avtomobil yollarının, 400 yerlik avtomobil parkının, beynəlxalq hava limanında uçuş-enmə zolağının, Naxçıvan Dəmir Yolları Məhdud

Məsuliyyətli Cəmiyyətinin inzibati binasının, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin, 5 nömrəli tam orta məktəb binasının, uşaq bağçasının, Cəmşid Naxçıvanskinin ev muzeyinin, məscidin,    2 yaşayış binasının tikintisi, əsaslı təmiri və yenidənqurulması, Naxçıvan şəhərində Naxçıvançay sahilində bulvarın yaradılması davam  etdirilir.

Mirsənani Seyidov 2018-ci ilin yanvar-noyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 608 milyon 832 min  600 manat və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.3 faiz çox vəsait yönəldildiyini də dədiqqətə çatdırıb. Qeyd olunub ki, tikinti quraşdırma işlərinə yönəldilmiş vəsaitin dəyəri 2.2 faiz artaraq 560 milyon  694  min  200  manat  təşkil  edib.

Sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan uğurlar, yeni iş yerlərinin açılması, əhalinin rifah halının yaxşılaşması demoqrafik vəziyyətə  də  müsbət təsir göstərib, Naxçıvan şəhərində əhalinin sayı artaraq  93 min 655 nəfər  olub.

İcra başçısı hesabat dövrü ərzində sahibkarlığın dəstəklənməsi, yeni istehsal sahələrinin yaradılmasının Naxçıvan şəhər İcra Hakimiyyəti tərəfindən diqqətdə saxlanıldığını vurğulayaraq deyib ki,  hesabat dövrü ərzində 655 milyon 439 min 200 manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.2 faiz çoxdur. 

İcra başçısı Naxçıvan Şəhər Vergilər İdarəsi, İstilik Təsərrüfatı İdarəsi, Şəhər Elektrik Şəbəkəsi, Rabitə İdarəsi, nəqliyyat xidməti, Qaz İstismar İdarəsi və digər sahələrin 2018-ci ildə gördüyü işləri ətraflı təhlil edərək hesabat dövrü ərzində yol verilən nöqsanların tezliklə aradan qaldırılmasını tapşırıb.

Bildirilib ki, Mənzil istismar idarələrinin rəhbərləri, Sahə İnzibati Ərazi dairələrinin, qəsəbə-kənd icra nümayəndələri ərazinin təmiz saxlanılmasına nəzarəti artırmalı, əhali arasında elektrik enerjisindən, təbii qazdan və sudan səmərəli istifadə olunması üçün maarifləndirmə tədbirlərini gücləndirməlidir.

Məruzə ətrafında çıxış edənlər 2018-ci ildə görülən işlər və 2019-cu ildə qarşıya qoyulan vəzifələr haqqında danışıblar.

Kollegiya iclasına yekun vuran Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov 2019-cu ilin Naxçıvan Muxtar Respublikasında “Ailə  təsərrüfatları” ili elan olunduğunu xatırladaraq bu istiqamətdə Naxçıvan şəhərində ailə təsərrüfatı ilə məşğul olan sahibkarlara Naxçıvan İcra Hakimiyyəti və tabeliyində olan qurumlar tərəfindən lazımı köməkliklərin göstərilməsi ilə bağlı konkret tapşırıqlar verib.

 

Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: