Növbəti interaktiv açıq dərsdə 20 Yanvar faciəsindən danışılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda interaktiv dərs keçirilib.
Dərsdə Xatirə muzeyinin bələdçisi Leyla Məmmədova bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Leyla Məmmədova 20 Yanvar hadisələrinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb. O da qeyd olunub ki, 20 yanvar Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizə kimi tariximizə qızıl hərflərlə həkk olunub.
Buradakı eksponatlar barədə şagirdlərə məlumat verilərək bildirilib ki, muzeydə ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı imzaladığı fərmanların surətləri, şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.
Xanım Rüstəmzadə