Azərbaycan ilə Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb - FOTOLAR
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının daxili işlər nazirinin müavini İsmail Çataklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
DMX-dən NUHÇIXAN-a bildiriblər ki, görüşdə Vüsal Hüseynov Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əvəzsiz xidmətləri sayəsində qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu və bu görüşün böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.
Azərbaycan ilə Türkiyə arasında əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıqla bağlı “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” 2013-cü ildə imzalanmış sazişin əhəmiyyətindən danışan Xidmət rəisi son zamanlar qanunvericiliyin sadələşdirilməsi istiqamətində işlərin davam etdirildiyini, miqrasiya qanunvericiliyinə dəyişiklikləri nəzərdə tutan yeni qanun layihələrinin qəbul olunmasını, ölkəmizə səfər edən əcnəbilərin qeydiyyatı və yaşaması ilə bağlı rahatlığının təminatı, ölkənin turizm baxımından cəlbediciliyinin artırılması, şəffaflığın təmin edilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.
V.Hüseynov Türkiyə Respublikası tərəfindən təklif olunan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında miqrasiya, readmissiya və vətəndaşların qarşılıqlı səyahətlərinin sadələşdirilməsinə dair Saziş” layihəsinin həyata keçirilməsi ilə əlaqədar bir sıra işlərin görüldüyünü bildirib.
Səmimi görüşə görə təşəkkürünü bildirən İ.Çataklı qardaş ölkənin bütün istiqamətlər üzrə Azərbaycan dövləti ilə əlaqələrin gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. Qonaq hər iki ölkə vətəndaşlarının əmək, əmək miqrasiyası sahəsində hüquq və vəzifələrinin tam təmin olunmasında birgə layihələrin həyata keçirilməsinin, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyini bildirib.
Görüşdə iki ölkə arasında miqrasiya sahəsində gələcək əməkdaşlıq, Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi və sair məsələlər barədə müzakirələr aparılıb.
Azərbaycanın Türkiyədəki səfəri Erkan Özoral və səfirliyin bir sıra əməkdaşları da görüşdə iştirak ediblər.