Vətəni igid oğullar qoruyar…

A- A A+

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında mərdlik, igidlik göstərib, düşmənlə qeyi-bərabər döyüşlərə qatılıb torpaqlarımızın müdafiəsi uğrunda canından keçən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Vətən övladları heç vaxt unudulmur, xatirələri xalqımız və dövlətimiz tərəfindən daima əziz tutulur. Onların ömür yolları gənclərimizə vətənpərvərlik nümunəsidir. Doğum günü olan Milli qəhrəmanlarımızdan Rafiq Alıcanov və Etibar Əliyev də belə oğullardandır. Vətən sevgisi ilə hər bir azərbaycanlın qəlbində yer tutan qəhrəmanlarımızın həyat və döyüş yollarına nəzər salaq.

Milli qəhrəmanımız Rafiq Alıcanov 1965-ci il iyul ayının 11-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. Balaca yaşlarında ailəsi ilə Ağstafa rayonunun Köçvəli kəndinə köçən Rafiq orta təhsilini bu məktəbdə alır. Sonra təhsilinə Kalininqrad Ali Hərbi Mühəndislik Məktəbinə daxil olmaqla davam edən qəhrəmanımız sənətinin peşəkarı olaraq Sovet İttifaqı Silahlı Qüvvələrində xidmətə başlayır. Qüsursuz xidmətlərinə görə kapitan rütbəsinədək yüksələn Rafiq Ermənistanın torpaq iddiaları ilə ölkəmizə qarşı məkirli niyyətlərindən xəbər tutur. Vətənin igid oğlu ilk günlərdən doğma yurda qayıtmaq üçün müraciətlər etsə də, yalnız 1992-ci ilin avqustunda istəyinə nail ola bilir. Vətənə qayıdan Rafiq ilk günlərdən mühəndis-istehkam qoşunlarının yaranması və formalaşmasında xüsusi xidmətlər göstərir. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Goranboy, Ağdərə, Tərtər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Naxçıvan və sair şəhər və rayonlar kapitan Rafiq Alıcanovun döyüşdüyü, düşmənə layiqli cavab veilməsində şücaət göstərdiyi bölgələr olub. O, döyüşlərdə son dərəcə təhlükəli tapşırıqlara rəhbərlik edib. Peşəkar istehkamçı zabit olaraq Rafiq yüzlərlə döyüşçünü ölümdən xilas edib, düşmənə həm texnika, həm də canlı qüvvə sarıdan xeyli zərbə vurub.

1993-cü ilin payızında Füzuli rayonu uğrunda ağır döyüşlər gedirdi. Bu döyüşlərdə xüsusi cəsarət və igidlik göstərən Rafiq Alıcanov ağır yaralanaraq əsir düşür. Düşmənin ağır işgəncələrinə məruz qalıb şəhadətə yüksələn Vətənin igid oğlu öz şərəfli ölümü ilə Azərbaycan zabitinin məğlubedilməzliyinin simvoluna çevrildi. Qəhrəmanımız Köçvəlli kəndində dəfn edilib. Ailəli olan Rafiq Alıcanovun qızı və oğlu şəhidimizdən yadigar qalıb.

Vətən qarşısındakı misilsiz xidmətlərinə görə kapitan Rafiq Alıcanov ölümündən sonra ölkə Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülür. Qəhrəmanımızın xartirəsi əziz tutularaq Ağstafa şəhərinin mərkəzində büstü qoyulub, adı Köçvəli kənd orta məktəbi və Ağstafa şəhərinin mərkəzində yerləşən parka verilib. Həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində və Ağstafa rayonunun mərkəzində yerləşən küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

Növbəti yazımın qəhrəmanı Etibar Əliyevdir.

Etibarın ən böyük arzusu bütöv vətən, güclü dövlət görmək idi. O, bu uğurda əlindən gələni əsirgəmədi. Xalqın qəhrəman oğlu adını qazanmaqla gələcək nəsilə nümunə olacaq vətəndaş oldu.

1955-ci il iyul ayının 11-də Lənkəran şəhərində anadan olan qəhrəmanımız burada 5 saylı orta məktəbin səkkizinci sinfini bitirib, 34 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnir. Təhsilini başa vuran vətənin igid oğlu hərbi xidmətə çağırılır. Saratov vilayətində əsgəri xidmətini yerinə yetirən Etibar sonra doğma yurduna geri qayıdır. Burada müxtəlif müəssisələrdə çalışan qəhrəman hər zaman vətənimizin bütövlüyünü və dövlətin gələcəyini düşünür. Ona görə də respublikada baş verən ictimai-siyasi hadisələrdə yaxından iştirak edir, Xalq Hərəkatının öncüllərindən biri olur. Ölkəmizin müstəqilliyi uğrunda fədakarlıq edib, bu məqsədindən dönməyəcəyini hər çıxışında bildirən Etibarı keçmiş Sovet Ordusunun əsgərləri 30 gün müddətinə həbs edir. Lakin bütün bunlar qəhrəmanımızı çıxdığı azadlıq, suverenlik istəyi yolundan döndərə bilmir.

1993-cü il avqustun 23-ü bir qrup separatçının dövlətimizi parçalamağa can atması və “Talış-Muğan Respublikası” yaratmaq iddiası ölkənin cənub bölgəsində qarışıqlıq yaradaraq neçə-neçə günahsız insanın həyatına son qoydu. Qiyamçılara qarşı keçirilən əməliyyatlarda iştirak edən Etibar Əliyev ən ali məqsədinə çatmaq üçün qəhrəmanlıq göstərib bu yolda canından belə keçir. Əbədiyyətə qovuşan vətənin igid oğlu Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Ailəli olan qəhrəmanımızın iki qız övladı yadigar qalıb.

Vətənini azad və bütöv, dövlətini güclü görmək istəyən Etibar Əliyev ölkəmiz qarşısında vətəndaşlıq borcunu layiqli yerinə yetirməsinə görə Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Əbədiləşən qəhrəmanımızın adına Lənkəran şəhərində küçə verilmiş və şəhərin “23 Avqust” meydanında büstü qoyulur.

Ruhunuz şad olsun vətən oğulları! Vaxtilə bütov və müstəqil ölkəmiz üçün vuruşub, canınızı fəda etdiyiniz vətənimiz artıq 33 ildir ki, müstəqil, güclü dövlətdir. Artıq 30 ilə yaxın işğal altında qalan torpaqlarımız dörd ildir ki, azaddır. Tariximizə Şanlı Zəfəri yazan Müzəffər Sərkərdəmizlə, güclü ordumuzla və qəhrəman adını qazanan igid oğullarımızla fəxr edir, qürur duyuruq. Məzarınızda rahat uyuyun, bizlərə əmanət qoyduğunuz Vətənimiz əmin əllərdə göz bəbəyi kimi qorunur.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: