Babək Rayon Xalq Teatrı on yaşını qeyd edir

A- A A+

Professional teatrların formalaşmasında baza rolunu oynayan xalq teatrları bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Muxtar respublikamızda xalq teatrları hazırladıqları müxtəlif məzmunlu tamaşalarla sakinlərin estetik zövqünün formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtlarının mənalı və səmərəli keçirilməsində  əhəmiyyətli rol oynayırlar. 2009-cu ildə yaradılan və bu il 10 yaşını qeyd edən Babək Rayon Xalq Teatrı da ötən dövr ərzində hazırladığı biri-birindən maraqlı tamaşalarla  tamaşaçı rəğbəti qazanıb, peşəkar kollektiv formalaşdıra bilib.

İlk dəfə 2006-cı ildə Cəlil Məmmədquluzadənin “Kamança” pyesi ilə səhnəyə çıxan Babək Rayon Mədəniyyət Evinin dram dərnəyinin üzvləri 2008-ci ildə Ənvər Məmmədxanlının “Xürrəmilərin ağ şahini” əsərindən bir hissəni tamaşaçılara təqdim ediblər. Öz üzərlərində daima çalışan dərnək üzvləri 2009-cu ildə Q.Fiqereydonun “Ezop” əsəri ilə daha peşəkar səviyyədə tamaşaçıların qarşısında çıxış ediblər. Elə həmin il Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Xalq teatrı” adı verilib.

10 illik yubileyini qeyd edən Babək Rayon Xalq Teatrı bugünədək öz repertuarına  14 tamaşa daxil edə bilib. Teatrın kollektivi “Ezop”, “Yollara iz düşür”, “Şeyx Rəhmətullah”, “Solğun çiçəklər”, “İkinci səs”, “Ana”, “Məhəbbət nişanəsi”, “Durna”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Xəcalət”, “Unuda bilmirəm”, “Bəxtsiz cavan”, “Subaylarınızdan görəsiniz” və son olaraq  “Beş manatlıq gəlin” tamaşalarını uğurla səhnəyə qoyub. Bu illər ərzində Culfa, Ordubad, Kəngərli, Şərur, Sədərək və Naxçıvan şəhərlərində qastrol səfərlərində uğurlu çıxış edən teatrın hazırda 8 üzvü var. Bir-birindən maraqlı komediya və dram əsərlərində rol alan Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli, Stella Babayeva, İsmayıl Qurbanov, Rasim Qasımov, Ələkbər İsmayılov, Nuray Mehdiyeva, Xanım Nəsirova və teatrın quruluşcu rejissoru, Prezident mükafatçısı Yusif Əliyev  Babək Rayon Xalq Teatrının repertuarının daha da zənginləşməsi üçün daim çalışırlar.

Babək Rayon Xalq Teatrı 2015-ci ildə keçirilən “Xalq teatrlarının muxtar respublika festivalı”nda birinci yerə layiq görülərək, diplomla təltif olunub. 2017-ci ildə keçirilən festivalda Hüseynbala Mirələmovun “Xəcalət” povesti əsasında hazırlanmış tamaşası ilə çıxış edən Babək Rayon Xalq Teatrı “Ən aktual mövzulu tamaşa” nominasiyasında birinci dərəcəli diploma layiq görülüb.

Teatrın üzvü, Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli bildirir ki, muxtar respublikanın rayonlarında müstəqil teatrların yaradılması ideyası təqdirəlayiq haldır. Beləliklə, əvvəllər tamaşaçı nəfəsinə həsrət qalan salonlarımız yenidən canlanıb. Təkcə Babək Rayon Xalq Teatrı 10 il ərzində biri-birindən maraqlı və müxtəlif süjet xəttinə malik olan əsərlərə müraciət edib və uğurlu tamaşa həllinə nail ola bilib. Qazandığımız təkcə nailiyyətlər deyil. Bu illər ərzində bizimlə çiyin-çiyinə çalışan gənc aktyorlar səhnədə püxtələşərək zamanla peşəkarlıq qazanırlar. Sözün həqiqi mənasında onları sənətə qazandıra bilmişik. Son olaraq ötən günlərdə Babək Rayon Mədəniyyət Sarayında görkəmli yazıçı-dramaturq Məmməd Səid Ordubadinin “Beş manatlıq gəlin” komediyası əsasında hazırladığımız tamaşanı rayon sakinlərinə təqdim etdik. Təqdim olunan sürətlər əgər auditoriyadakı tamaşaçıda nikbin notlar doğura bilirsə, deməli aktyor öz missiyasını uğurla yerinə yetirib. Hesab edirəm ki,“Beş manatlıq gəlin” tamaşası da kollektivimizin uğurlu səhnə əsərlərindəndir.

    

 

Lalə Allahverdiyeva

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: