1990-cı ilin yanvarında bir tərəfdən erməni təcavüzü digər tərəfdən isə o zamanki Sovet İmperiyası rəhbərliyinin buna şərait yaratması, Azərbaycana qarşı siyasi və iqtisadi təyziqlərin artması, xalqımızın azadlıq və müstəqillik arzularının boğulması cəhdləri getdikcə güclənməkdəydi.
Bakı şəhərində Qanlı Yanvar hadisəsi kimi yaddaşımızada qalmış qırğınları törətməyə hazırlaşan imperiya ordusu və represiv aparatı ölkəmizin digər hissələrində, o cümlədən Naxçıvanda da bu siyasətini davam etdirmək niyyətindəydi. 1990-cı ilin yanvar ayından başlayaraq erməni silahlı birləşmələri Naxçıvanın ayrı-ayrı yaşayış məntəqələrinə ardıcıl hücumlara keçirdi. Belə bir şəraitdə Naxçıvan rəhbərliyi İttifaq rəhbərliyindən konstitusiyada olan öhdəliklərinə əməl edərək muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsini tələb edirdi. Keçmiş SSRİ rəhbərliyi nəinki bunu etmir, əksinə bir çox hallarda Naxçıvana hücumlar zamanı erməni (o zamanlar qeyri-qanuni fəaliyyət göstərən) hərbi dəstələrinə köməklik göstərir, bir sıra hallarda isə bilavasitə bu hücumlara qatılırdı.
Yanvar ayının 18-də keçmiş SSRİ-nin Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki anklavı tam işğal olundu. Bütün bunların son məqsədi Naxçıvanın əhalisi arasında ümidsizlik yaradaraq bölgənin boşaldılması və erməni işğalı üçün şərait yaratmaq idi. Yanvar ayından düşmənin Sədərək istiqamətində mütəmadi hücumları başladı və toqquşmalar getdikcə intensivləşdi.
Mövcud kritik vəziyyətin yaranması səbəbindən Naxçıvan şəhərində muxtariyyətin parlamenti qarşısında toplanan 20 mindən çox insan muxtar respublika Ali Sovetinin fövqəladə sessiyasının çağırılmasını tələb edirdi. Naxçıvan MSSR-ın Ali Sovetinin (o zamankı parlament) fövqəladə sessiyasında 19 yanvar 1990-cı il axşam saatlarında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtlərinin pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul etdi. Parlamentin bu qərarı ilə Naxçıvan müstəqil respublika elan olunmuşdu.
İmperiyanın periferiyasında yerləşən və kiçik bir bölgənin SSRİ-nın tərkibindən ayrılması barədə qərarı SSRİ-i rəhbərliyində şok effekti yaratdı, bir neçə gün isə bu xəbər dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində oldu. Əslində Naxçıvandan gələn bu xəbər Sovet İmperiyası üçün bir əcəl zəngi idi. Azərbaycan SSR Ali Soveti muxtariyyət parlamentinin bu qərarını 27 yanvar 1990-ci ildə ləğv etsə də, siyasi baxımdan bu cəsarətli addım olduqca əhəmiyyətli idi. Sovetlər İttifaqının 70 illik tarixində ilk dəfə olaraq muxtar ərazinin imperiyanın tərkibindən çıxması barədə qərar kimi tarixə düşən bu hadisə dünyada geniş rezonansa səbəb oldu.
Bu bir tərəfdən SSRİ-i rəhbərliyini Bakıdakı qanlı 20 yanvar hadisələrinin Naxçıvanda da təkrarlamaq niyyətindən çəkindirdi. Bura sovet qoşun hissələri yeridilmədi. Digər tərəfdən isə erməni hərbi ekspansiyasi barədə dünya ictimaiyyətinin məlumatlandırmaq baxımından əhəmiyyətli oldu. Naxçıvan parlamentinin cəsarətli addımı həmçinin o zaman Azərbaycanda rəhbərlikdə olan və imperiya mərkəzinin antimilli siyasətinə qarşı çıxış etməkdə özündə cəsarət tapa bilməyən şəxslərə də bir mesaj idi. Naxçıvan muxtariyyətində Sovet rejiminin represiv aparatının bərqərar olmasının qarşısının alınması isə sonrakı dövrdə muxtar respublikanın müdafiəsinin təşkili, milli dövlətçiliyin inkişafı üçün zəmin yaradaraq, bölgəni Azərbaycanın müstəqilliyi, demokratikləşməsi proseslərinin ön cərgəsinə gətirdi. Ümummilli lider Heydər Əliyev Naxçıvan MSSR Ali Sovetinin 19 yanvar 1990-cı il tarixli qərarını nəzərdə tutaraq qeyd edirdi: “Naxçıvanlıarın bu cəsarətli addımı o vaxt Sovet İttifaqında yeganə bir addım idi....Bu naxçıvanlıların nə qədər cəsarətli, qeyrətli, nə qədər azadlıqsevər və müstəqilliyə nə qədər bağlı olduğunu sübut etdi, nümayiş etdirdi”.
Həmin ilin sonunda isə Ümummilli lider Naxçıvanın və ölkənin taleyində mühüm rol oynayan qərarlar qəbul etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu öndərin sədrliyi ilə keçirilən sessiyasında "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. İlk dəfə olaraq üçrəngli bayraq Azərbaycanın Dövlət Bayrağı kimi təsdiq edildi.
Anar İbrahimov