Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Nazirlikdə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan “20 Yanvar – azadlığımızın və milli iradəmizin simvolu” mövzusunda tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov çıxış edərək SSRİ-nin ermənipərəst rəhbərliyinin Azərbaycan xalqına qarşı məkrli siyasəti nəticəsində 20 Yanvar faciəsinin törədildiyini bildirib. Qeyd edib ki, həmin gün Azərbaycan xalqının tarixinə tək faciə kimi yox, həm də qəhrəmanlıq zirvəsi kimi yazılıb.
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar naziri Şamı Abdullayev ölkəmizin həmin ərəfədə informasiya blokadasında olduğunu və ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində cəsarətli bəyanatı ilə xalqın səsini dünyaya çatdırdığını söyləyib.
Sonra 20 Yanvarla bağlı müxtəlif çıxışlar olub. Sonda 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.