NUHÇIXAN xəbər verir ki, Culfa Rayonunda “20 yanvar -Ümumxalq Hüzn Günü”nə həsr olunmuş tədbir keçirilib. Rayonun idarə və təşkilatlarının kollektivlərinin iştirak etdiyi tədbirdə əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova çıxış edərək bildirib ki, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə xalqımızın qəhrəmanlıq salnaməsinə daha bir parlaq səhifə yazdılar.
Qeyd edilib ki, Naxçıvanda həmin günlərdə mənfur ermənilərin hücumlarına məruz qalıb. Məhz həmin vaxt doğma diyarımızın bütün vətənpərvər oğulları kimi, Culfa rayonunun igidövladları da vətənimizin ərazi bütövlüyü uğrunda erməni qəsbkarları ilə döyüşlərdə qəhrəmanlıq göstəriblər. Kəmalə Səfərova onu da diqqətə çatdırıb ki, həmin döyüşlərdə Culfa rayonundan 29 nəfər şəhid olub.
Tədbirdə şəhidlərimizə həsr olunmuş film də nümayiş olunub.
Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub, 20 Yanvar faciəsinə aid şeirlər bədii qiraət edilib.
Ərhan Novruzov