Vətən o zaman müqəddəsləşir ki, cəsur oğulları dar anında onu qoruyub, torpaq, yurd uğrunda mənfur düşmənə qarşı mərdliklə vuruşur. Onlar bu yolda lazım gəldikdə şəhadət şərbətini içməkdən belə çəkinmirlər. Belə oğullarımızın cəsarəti ilə torpaq Vətən olub səcdəgaha çevrilir. Elə Arif Qədiməliyev də vətənə göz dikən düşməni, yurdumuzun müstəqilliyinə uzanan qara əlləri məhv etmək üçün fədakarlıq edən qəhrəman oğullardan biri idi.
Adı tariximizə qızıl hərflərlə yazılan vətənin igid olğu 1975-ci il iyulun 13-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdu. Uşaqlıq və gənclik illərində hər zaman fərqlənib, seçilən Arif qəlbində böyütdüyü vətən sevgisi ilə yaşayırdı. Vətəni sevməyin və qorumağın hər bir vətəndaşın ali borcu olduğunu,- deyən qəhrəmanımız bu fikirlərini elə əməli ilə də sübut edən gənc oldu. Ordu sıralarına çağrılıb, vətənə xidmət edən Arif Qədiməliyev hünər-cəsarəti ilə hərbi hissədə fərqlənən əsgər olur. Sumqayıtda və Qusarda hərbi təlimlərdə iştirak edən vətənin igid oğlu cəbhə bölgələrinə yollanaraq “N” saylı hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərə qatılır. Hərbi hissədə bacarıqlı kəçfiyyatçı kimi tanınan Arif bir çox cəsarətli addımları ilə uğurlu əməliyyatlarda iştirak edir. Vətən torpağını hər zaman canından artıq sevən qəhrəmanımız Ağdərə, Tərtər bölgələrində də döyüşlərə qatılaraq düşmənlə mübarizə aparır. Uğurlu döyüşün birində düşmənin bir neçə yaraqlısının və xeyli hərbi sursatın ələ keçirilməsində igidlik göstərir.
1995-ci il mart hadisələri... Bu hadisələr müstəqilliyimizi təhlükəyə salan, tariximizin ən faciəli səhifələrindən biri idi. Arif tərkibində olduğu bölüklə birlikdə müstəqilliyimizə qarşı qiyam qaldıran bir qrup qüvvələrin zərərsizləşdirilməsi uğrunda mübarizə apararaq qəhrəmanlıq göstərir. Qiyamın qarşısı alınarkən ağır yaralanan vətənin igid oğlu şəhidlik zirvəsinə ucalır. Canını vətəninin müstəqilliyi uğrunda qurban verən qəhrəmanımız Ağstafa rayonunun Dağ Kəsəmən kəndindəki qəbiristanlıqda dəfn edilir.
Vətənin keşiyində durub, müstəqilliyimizin qorunmasında canını fəda edən Arif Qədiməliyev göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Xatirəsi əziz tutulan qəhrəmanımızın Ağstafa şəhərində büstü qoyularaq adına mədəniyyət evi verilib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı