Bu gün Milli Qəhrəman Tahir Bağırovun doğum günüdür

A- A A+

Vətənimizə, yurdumuza göz dikib, xain əllərini uzadan düşmənlərimiz var olduğu müddətcə, o əlləri kəsən igid oğullarımız da hər zaman var olacaq. Zamanından saılı olmayaraq Azərbaycan xalqı qəhrəman oğulları ilə qürur duyub fəxr edibdir. Birinci Qarabağ müharibəsində qəhrəmanlıq səlnaməsi yaradan oğullarımızdan biri olan Tahir Bağırov da gənc ömrünü Vətəninə, xalqına həsr edərək göstərdiyi igidliyə görə Milli Qəhrəman adını qazanıbdır.

Vətənin igid oğlunun yurduna və xalqına həsr etdiyi ömür yoluna nəzər salaq.

14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olan Tahir 10 yaşında olarkən ailəsi ilə birlikdə Şirvan şəhərinə köçür. Orta təhsilini səkkizinci sinifə qədər oxuyan vətənin igid oğlu təhsilinə peşə məktəbində davam edir. Sürücülük sənətinə yiyələnən qəhrəmanımız Şirvan şəhər Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılır. Əsgəri xidmətini qüsursuz yerinə yetirən Tahir Bağırov atıcı taqımının komandiri kimi ordudan tərxis olunur. Bir müddət Qazaxıstanda yaşayan qəhrəmanımız 1987-ci ildə Bakı şəhərinə köçür. Bir il sonra başlayan Milli Azadlıq Hərəkatında Tahir Bağırov da yaxından iştirak edir. Xalqın başına gətirilən müsibətlərdən biri - 1990-cı ildə 20 Yanvar faciəsi gecəsi qəhrəmanımız yaralıların xilas edilməsində, onların təhlükəsiz yerlərə aparılmasında böyük xidmətlər göstərir. Sonra ölkədə yaranan gərgin vəziyyətə biganə qalmayan vətənin igid oğlu 1992-ci ilin yanvar ayında könüllülər dəstəsinə yazılır və 2 ay təlim keçdikdən sonra “N” saylı hərbi hissədə Mİ-24 vertolyotuna bort atıcısı təyin olunur. Xocalı faciəsi zamanı dinc əhalinin və yaralıların daşınmasında böyük qəhrəmanlıq göstərən qəhrəmanımız həmin gecə onlarla insanı ölümdən və quldur düşmənin əlinə keçməkdən xilas edir. Sərrast atıcılıq qabiliyyətinə malik olan Tahir Füzuli, Ağdərə və Laçın rayonlarında saysız-hesabsız döyüş uçuşları zamanı bir çox erməni faşistini məhv edir.

1992-ci il oktyabrın 11-i… Uğurlu döyüşlərdə iştirak edib, düşmənə aman verməyən qəhrəmanımız Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən ağır döyüşdə mühasirəyə düşən əsgərlərimizi xilas edib, geri qayıdarkən daxilində olduğu vertolyot düşmən tərəfindən vurulur. Vertolyotda olan bütün heyət qəhrəmancasına həlak olur. Qəhrəmanımız Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunur. Ailəli olan xalqın igid oğlundan vətənə iki oğul övladı əmanət qalır.

Azərbaycan torpaqlarının və ərazi bütövlüyünün qorunmasında şəxsi igidlik göstərib, hərbi hissə qarşısında qoyulan tapşırıqları layiqli yerinə yetirən Tahir Əminağa oğlu Bağırov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Xatirəsi əziz tutulan qəhrəmanımızın adına Həzi Aslanov qəsəbəsindəki 59 saylı orta məktəb verilərək önünüdə büstü qoyulub. Həmçinin Suraxanı rayonu Əmircan qəsəbəsindəki küçələrin biri vətənin igid oğlunun adını daşıyır.

Ruhun şad olsun, vətən oğlu! Uğruna canını verdiyin vətən torpaqları azad edilib, öz doğma inanlarına qovuşubdur. Sizlərin əmanət qoyduğunuz Vətən Müzəffər Ordumuz tərəfindən göz bəbəyi kimi qorunur. Məzarınızda rahat uyuyun!

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: