Yurd həsrətli qəhrəman…

A- A A+

Vətənin başının üstünü qara buludlar alanda yurdunun igidləri onun səmasını aydın görmək üçün böyük rəşadət göstərirlər. Məhz cəsur, qeyrətli oğullar sayəsində Vətən aydın səmalı, aylı-günəşli olaraq cənnət diyara çevrilir. Qəhrəmanlığı ilə Vətən oğlu adını qazananlardan biri də Əsəd Əhmədovdur.

Qəhrəmanımızın qısa və mənalı ömür yoluna nəzər salaq.

1970-ci il iyul ayının 15-də Qərbi Azərbaycan torpağında – Pəmbək mahalının Saral kəndində dünyaya göz açan Əsəd ailədə altı uşaqdan dördüncüsü idi. Uşaqlığından xeyirxah və mehribanlığı ilə seçilən Vətənin igid oğlu hər kəsə səmimi sevgi bəsləməklə bərabər, Vətəninə də böyük məhəbbətlə bağlı olur. Dörd bir tərəfdən şişpapaqlı dağlarla əhatə olunan Saral kəndi, Pəmbək çayının ruha dinclik verən zümzüməsi Əsədin vətənpərvər böyüyüb yurduna bağlı olmağına böyük təsir edir.

1988-ci ildən Ermənistan məkirli niyyətini həyata keçirməyə açıq-aşkar başladı. Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların necə olursa-olsun, deportasiya edilməsinin gərəkli olduğunu bildirən xain düşmənlər yerli əhalini sıxışdıraraq dədə-baba yurdundan çıxarmağa başladılar. Tale elə gətirdi ki, şaxtalı-çovğunlu günlərdə Qərbi Azərbaycanın bütün sakinləri kimi Əsədgilin ailəsi də ata-baba yurdlarını məcburən tərk etməli oldular. Qəhrəmanımız ailəsi ilə birlikdə əvvəlcə Qazax rayonuna, sonra isə Çardaxlı kəndinə köç edir. Kənddə yurd salıb yaşaya bilməyən ailə daha sonra Bakı şəhərinə köçməyə məcbur olur. Yeniyetmə yaşına çatan qəhrəmanımız burada 5 saylı texniki-peşə məktəbinə daxil olur. Peşə məktəbini bitirən Vətənin igid oğlu hərbi xidmətə çağırılır. Xidmətini Almaniyada tank qoşunları hissəsində edən Əsəd ordudan tərxis olunub Bakı şəhərinə geri qayıdaraq əmək fəaliyyəti ilə məşğul olur. Hər nə qədər çalışıb gün-güzəranlarını yaxşı etsələr də, Əsəd və ailəsi dədə-baba yurdlarına duyduqları həsrət hissini qəlblərində ovuda bilmirlər. Zaman ötdükcə bu nisgil iləbəil artaraq Əsədin düşmənə daha da nifrət etməsinə səbəb olur. O bu qisası almaq üçün vaxt-zaman gözləyir. Qəhrəmanımız bir niyyətlə yaşayır, ancaq mənfur düşməndən qisas almaq.

Qarabağ torpaqlarına göz dikən Ermənistanın elan olunmamış müharibəyə başlaması xəbərini eşidən Əsəd könüllülər dəstəsinə qoşularaq ön cəbhəyə yola düşür. 1992-ci ilin mart ayından döyüşlərdə iştirak edən qəhrəmanımız Şuşa rayonunun Zarıslı, Salatınkənd və Turşsu yaşayış məntəqəsi uğrunda döyüşərək igidlik göstərir. Həmçinin Laçın ətrafında 28 nəfər əsir düşmüş soydaşımızın quldur ermənilərin əlindən azad edilməsi uğrunda aparılan əməliyyatlarda yaxından iştirak edir. Əsəd Əhmədov iyul ayında Ağdam rayonunun Şelli, Abdal-Gülablı, Güllücə, Papravənd və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərə qatılıb, daxilində olduğu bölüklə birlikdə cəsarət və şücaətlər göstərərək düşməni geri çəkilməyə məcbur edirlər.

Uzun illər düşmən hücumuna məruz qalan Papravənd kəndi 1992-ci il iyul ayının 31-də təkrar olaraq ermənilərin hücumuna məruz qalır. Düşmənin güllə yağışına tutduğu kənddə onlarla günahsız insan həlak olur. Kəndi müdafiyə etməyə çalışan Əsəd və tərkibində olduğu bölüyü qanlı döyüşdə qarşı tərəfin atəşini susdurmağa çalışsalar da, sayca çoxluq təşkil edən düşmənlə mübarizə aparmaq olduqca çətin olur. Həmin döyüşdə güllə yarası alan qəhrəmanımız həyata gözlərini əbədi yumur. Qəhrəmanımız Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunur.

Qəlbi yurd həsrəti ilə köz-köz olan Vətən oğlu düşmənə bəslədiyi nifrət hissi ilə son damla qanına kimi qəhrəmancasına vuruşub, doğma torpaqlarımızı yağılardan qorudu. Əsəd Əhmədovun bu uğurda göstərdiyi igidliklər dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülür. Həmçinin xatirəsi əziz tutulan Vətən oğlunun adına Bakı şəhəri Yasamal rayonundakı küçələrdən biri verilib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: