İslam nəzəriyyəsinin cismləşmiş simvolu- İmam Hüseyn

A- A A+

Həzrəti Hüseynin mübarizəsi insanların yaşam tərzində illər boyu özünəməxsus şəkildə yer edib. İnsanlar bu ayda İslam şəriətinin qadağası olmasa da, ehtiram əlaməti olaraq, əyləncə məclislərindən uzaq durar və toy etməz, güzgülərin üzərinə örtük çəkər, qadınlar saçlarına xına yaxmaz, hətta yeni qiyafətlər geyinməkdən uzaq durardılar. 1400 ildir ki, davam edən bu haqq mübarizəsi haqqında Ulu Öndər Heydər Əliyev deyirdi: “Aşura günü biz dinimizə və adət-ənənələrimizə sadiq olaraq məscidə toplaşırıq və haqq-ədalət uğrunda şəhid olan İmam Hüseynin əziz xatirəsini yad edirik”. Əsrlər boyunca məşəl rolu oynamış Kərbəla faciəsi təkcə Həzrəti Hüseynin dövrü ilə məhdudlaşmayaraq bütün zamanlarda ibrət götürüləcək mükəmməl bir fədakarlığa çevrilmişdir. Sovet hökumətinin inanclara qarşı repressiya illərində insanlar inanclarını qoruyub saxlamaq üçün Hüseyn və tərəfdaşlarının adlarını müxtəlif formalarda zikr edərək yaşatmağa çalışıblar. Ayağa qalxarkən “Ya Əli”, “Ya Hüseyn”, analar isə “Ya Zəhra”, “Ya Zeynəb” zikrlərini çəkərdilər. Balası ölən analar balası ilə birgə Həzrəti Hüseynə də ağlayardılar.

Azərbaycan xalqının tarixinin müəyyən məqamları ilə Kərbəla faciəsi arasında bir bağlılıq var: zülmə düçar olmuş peyğəmbər ümməti və zülmə məruz qalmış Azərbaycan xalqı. 30 il davam edən Ermənistanın işğalçılıq siyasəti Azərbaycan xalqının öz dədə-baba yurdundan didərgin salınması zülmə qarşı olan, haqqı hər zaman üstün tutan Azərbaycan xalqına qarşı zülm idi. Qəddar düşmənin soydaşlarımızın şərəf və ləyaqətini alçaltmağa çalışdığı belə bir zamanda yatmış vicdanları oyadıb, duyğuları coşduracaq böyük bir fədakarlıq örnəyinə çevrildi Həzrəti Hüseyn mücadiləsi. Heç təsadüfi deyildir ki, “Vətən sağ olsun!”, “Vətən uğrunda irəli!”, “Yaşasın Azərbaycan!” – deyə ölümə atılan igidlərimizin döyüş meydanındakı şüarlarından biri də “Ya Hüseyn!” idi. İşğaldan azad edilmiş el-obamıza ordumuz ilk qədəm basdığı an üçrəngli bayrağımızı zirvələrə sancmaqla yanaşı, şövqlə azan sədalarını da yüksəltdi. Düşmənin viran qoyduğu, bu gün isə dövlətimizin yüksək dini ehtiram əlaməti olaraq bərpa edib dindarların istifadəsinə verdiyi məscidlərimizdə Həzrəti Hüseyn rituallarla, həm də adil dövlətimizə şükranlıqla yad edilir.

Həzrəti Hüseynin mübarizəsini və onun matəmini məzhəb kimi qəbul etmək ağla və məntiqə sığmır, Həzrəti Hüseyn məzhəblər üstü mübarizənin simvolu, İslam nəzəriyyəsinin cismləşmiş əyani sübutudur. Bu simvol özündə insani və ülvi hisləri ehtiva edən əsrlərin köhnəldə bilməyəcəyi “karvan”la hər il Məhərrəm ayında bizlərə tərəf gəlir. Kərbəla hadisəsindən təxmini 1200 il sonra sonuncu Qarabağ xanın nəvəsi Xurşidbanu Natəvan ürəyinin qələmə axıtdığı hüzn və kədərlə o günləri yaşayır kimi deyirdi:

Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,

Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün.

Sınıq qəlbləri fəth etmiş Məhəmməd Füzuli İmam Hüseynin hərəmində, sadəcə, çıraqları yandırmır, hər alovlanan çıraqda Həzrəti Hüseynə qarşı məhəbbətini alovlandırırdı. Eyni zamanda dünyanın hər yerindən gələn zəvvarların qəlbində də İmam Hüseynin eşqini alovlandırırdı. Bu alovun nəzmə çevrilmiş tüstüsündə Füzuli deyirdi:

 Mahi-Məhərrəm оldu, şəfəqdən çıхıb hilal,

         Qılmış əza, tutub qədi-хəm qərqi-əşki-al.

            Övladi-Mustəfaya mədəd qılmamış Fərat,

   Kеçirməsinmi yеrlərə anı bu infial?!

Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmiş Abbasqulu ağa Bakıxanov Kərbəla vaqiəsini belə ifadə edirdi:

Kərbəla, saxlagilən nəşi-Əliəkbərimi,

Verirəm çünki əmanət sənə gülpeykərimi.

 Hürufi ədəbiyyatının və irfan şeirinin ənəlhəq siması İmadəddin Nəsimi həzrəti Hüseynlə eyni taleyi paylaşaraq yazırdı:

Səhrayi Kərbəladə sənə qıldılar cəfa,

Ol əhli zülm ləşgəri küffar, ya Hüseyn.

Azərbaycan ədəbiyyatına silinməz izlər qoyan Məmməd Arazdan da yan keçmədi Kərbəla istəyi:

    İmam Hüseyn, haqqın carçısı,

Qanlı şəhid, ədalətin qisası.

Güney Azərbaycanın Quzey nisgilli şairi Məhəmməd Hüseyn Şəhriyar Heydərbaba dağından hayqıraraq deyirdi:

Hüseynə yerlər ağlar, göylər ağlar

  Bətulü Mürtəza, Peyğəmbər ağlar...

    Kor olmuş gözlərin qan tutdu Şimrin

                 Ki, görsün öz əlində xəncər ağlar

Bundan ziyadə Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Qasım bəy Zakir, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Əliağa Vahid, Səməd Vurğun, Cavid Əfəndi, Abbas Səhhət, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Mirzə Hüseyn bəy Salar, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Əli Kərim, Baba Pünhan, Əbdülhəsən Raci və adlarını sadalamadığımız daha onlarca şair və yazarlar həzrəti Hüseynə nohə yazıb o hüznlü tarixə çıraq tutublar.

Həzrəti Hüseynin Aşurası, sadəcə, matəm deyil, özündə heç bitməyəcək bir sevinci də gətirir, kədərin sevincə qarışmış halını özündə birləşdirir. Mərhum Hacı şahinin dili ilə desək: “Məsələ sevgi söhbətidir, ona görə bitmir bu hekayə. Ox, nizə söhbəti deyil bu hekayə, ox, nizə bu qədər adamı bir araya yığa bilməz. Hekayə sevgi hekayəsidir. Eşqin üzərindən pərdə çəkilib. Hansı eşq? İmamın ümmətə olan eşqi. Ona görə halımız bu ayda dəyişir”.

 Hüseynin karvanı o gündən bu günə hər gün bizi saf, ülvi niyyətlərə səsləmək üçün yorulmadan, usanmadan gəlir, peyğəmbər ətrini özü ilə birlikdə məmləkətlərə gətirir. Bu karvanın isə qiyməti çox bahadır. Təsəvvür edin ki, bu karvanın yola çıxması üçün peyğəmbər nəvəsi böyük oğlu Əli Əkbərin tikə-tikə doğranmağına, altı aylıq körpəsi Əli Əsgərin oxlanmasına, bacısı Zeynəbin balalarının öldürülməsinə, Xanım Zeynəbin ah-fəğan etməsinə qardaşı Əbəlfəzl Abbasın qollarının kəsilməsinə, qardaşı oğlu İmam Həsənin yadigarı Qasimin atlara bağlanaraq cisminin parçalanmasına şahidlik etdi. Hüseynin bizləri haqqa səsləyən karvanının qiyməti ona görə də çox bahadır. Bu ağır səfər, bu misli görülməmiş fədakarlıq və bu əzəmətli şəhadət, heç şübhə yoxdur ki, din, əqidə uğrunda olub. Həzrəti Hüseyn bütün mömin, inanclı insanların yolunda şəhid olub. İnsanlar Kərbəla hadisəsini yalnız qəlb gözü ilə görüb imanını artıra bilər. Buna görə də hər il Aşura gününü mərhəmət və insanlıq, milli-mənəvi, dini birlik, əqidə, məslək, Vətən yolunda şəhadətin böyüklüyünü dərk etməklə qeyd etməliyik.

     Ümummilli Lider Heydər Əliyev bu hadisəyə toxunaraq deyirdi: “Bizim yolumuz Allah yoludur, Məhəmməd Peyğəmbərin yolu və İmam Hüseynin yoludur”. Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyip Ərdoğan bu hadisəyə işıq tutaraq deyirdi: “İmam Hüseyn və əhli-beyt öncə susuzluğa məhkum edildilər, sonra insanlığın ən dəhşətli qətliamı həyata keçirərək şəhid edildilər”. Kimlər örnək götürmədi ki, bu hadisəni. Mahatma Qandi deyirdi: “Mən Hüseyndən (ə) zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim”.

Həzrəti Hüseynin haqq mübarizəsi dünya siyasi xadimləri, mütəfəkkirləri, şair və yazıçıları tərəfindən də yüksək qiymətləndirilib. Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Çarlz Dikkens, Edvard Braun, Tomas Karlayl, Boris Dokberi, Marbini, Lev Tolstoy, Rajendra Prasad, Pyer Durtgi, Rabindrant Taqor, Cəvahirləl Neyru, Ceyms Korn, Radra Krişnan, İqnaz Qoldziher, həmçinin Edvard Qibbon, Tomas Musark, F.Gibon, Corc Cordan, Tamlas Tun Dun, Savargani Nayd, Corc Zeydan, Nikelson, Muris Dokapri, Viktor Hüqo, Bules Salamə, L.M.Boyd, Qabril Dankiri, Antuan Baro, Freya Madelin Stark, Roberto Bolano və adlarını bilmədiyimiz onlarca dahilər Həzrəti Hüseynin tutduğu yola fikir bildirməkdən bir an olsun çəkinmədilər.

Cənab Prezidentin dəyişməz, stabil siyasəti nəticəsində ölkəmiz bütün dinlər üçün isti qucaq açaraq tolerant siyasət formalaşdırıb, məzhəb ayrı-seçkiliyi, demək olar ki, tarixin arxivinə gömülüb. Bu siyasətin nəticəsində İslami dəyərlər milli-mənəvi dəyərlər sırasında yer tutur. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “...Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir”.

Kərbala faciəsindən 1400 il keçsə də hadisənin əsl mahiyyəti yavaş-yavaş dərk olunur fanatiklikdən həqiqətə doğru, haqqa doğru yol alır. İmam Hüseynin Kərbala çölündə öz tərəfdarları ilə qanı bahasına apardığı haqq mücadiləsi bu gün qanvermə aksiyası ilə vüsət tapır. Artıq aram-aram başa düşülür ki, həzrəti Hüseyn haqqa susamışdı, bizə isə onun yalnız suya susadığını dedilər. Bu bitməyən eşq hekayəsi hər il Məhərrəm ayında bizə doğru yol alır və mahiyyətini hər il bir az daha da açaraq bizə həqiqəti göstərir.

 

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Atilla Öztürk – siyasi şərhçi, AISEDA İctimai Birliyinin həmtəsisçisi,

Naxçıvan Dövlət Universitetinin baş hüquqşünası və Hüquq fənləri kafedrasının müəllimi

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: