Bu gün minlərlə şəhidi olan ölkəmizin elə bir bölgəsi tapılmaz ki, orada şəhid məzarı olmasın. Naxçıvan diyarı da tarixən vətənpərvər, igid, qəhrəmanlar yurdu olaraq bölgələr içərisində özünə məxsus yerini tutub. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində də qədim diyarın yetirdiyi igidlər öz qəhrəmanlıqları ilə düşmənin başına od ələyən oğullar olublar. Belə oğullarımızdan biri də Tumbul kəndinin yetirməsi Araz Qəhrəman oğlu Məmmədovdur.
Döyüşlərə könüllü qatılıb, düşmən üzərinə ön sırada irəliləyən Araz Məmmədov 1997-ci il iyul ayının 16-da dünyaya göz açıb. Qəhrəmanımız doğulduğu kənddə tam orta təhsil alır. Uşaqlıq və gənclik dövründə futbolla məşğul olur. 2016-cı ildə ordu sıralarına çağırılan qəhrəmanımız Vətənə xidmət borcunu yerinə yetirərək tərxis olunur. İki il müxtəlif sahələrdə çalışan Araz hərbçi olmaq üçün müraciət edir. Arzusu 2020-ci ilin iyun ayında qəbul olan Vətənin igid oğlu Xüsusi Təyinatlı Qüvvələrin 3 aylıq kursunu bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmətə başlayır. Bir ay idi ki, hərbçi olaraq Vətənə xidmət edən Araz Vətən müharibəsi başlayan zaman döyüşə könüllü getmək üçün yazılır. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda düşmənin qurduğu “keçilməz” sədləri yıxıb-keçən Vətənin igid oğlu Şuşa şəhərinin azad olunmasına qədər döyüşlərdə iştirak edir. Şuşadan anasına zəng edən qəhrəmanımız “Torpaqlarımızı quldur düşməndən azad edib evə qayıdacağam” , – deyir. Bir gün sonra Xocavənd rayonu istiqamətində gedən döyüşdə yaralanan Araz şəhidlik zirvəsinə yüksəlir. 10 gün sonra Bakıdan Naxçıvana gətirilən şəhidimizin nəşi Tumbul kənd qəbiristanlığında dəfn edilir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirdiyi üçün Araz Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ruhun şad olsun, şəhidimiz! Arzun olan Vətən torpaqları əbədilik azad edildi. Qanınız yerdə qalmadı. Quldur düşmən layiqli cavabını alıb geri çəkilməyə məcbur oldu. Məzarınızda rahat uyuyun.
Səriyyə Salahova
Naxçıvan Televiziyasının əməkdaşı