Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsi 2018-ci il ərzində büdcə gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün rayon ərazisindəki təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi, əmək pensiyalarının düzgün təyinatı və ödənişinin aparılması və eləcə də fərdi uçot sisteminin qurulması istiqamətində müvafiq işləri yüksək səviyyədə həyata keçirib.
Belə ki, Fondun Babək Rayon Şöbəsi 2018-ci il ərzində əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb, pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan 17 milyon 196 min manat vəsait pensiyaçıların şəxsi hesablarına köçürülüb. Eyni zamanda məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin də şəxsi hesablarına və ya poçt ünvanına müavinətin ödənilməsi üçün 365 min manat vəsait köçürülüb.
Bundan başqa, hesabat dövrü ərzində Şöbədə vətəndaşlara pensiyaların qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı işini yüksək səviyyədə həyata keçirib. Belə ki, 2018-ci il ərzində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya hüququ yaranmış 192 vətəndaşa əmək pensiyası təyin olunub. Yeni təyin olunan pensiyaçılardan 81-i yaşa görə, 38-i əlilliyə görə, 73-ü isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlardır.
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq rayonda fərdi uçot sistemində müvafiq işlər davam etdirilib. Belə ki, Fondun Babək Rayon Şöbəsi tərəfindən 2018-ci il ərzində 464 nəfərə sosial sığorta şəhadətnaməsi verilib. Beləliklə, Şöbənin fərdi-uçot sistemində qeydə alınaraq sosial sığorta şəhadətnaməsi alan sığortaolunanların sayı 26 min 126 nəfərə çatıb.
Vətəndaşlara pensiya və müavinətlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı, pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması üçün müvafiq işləri yeni ildə də davam etdirəcəkdir.
“Şərqin səhəri” qəzeti