Aç qapımı, ümidimi qaytar mənə, qayıdım mən ötən günə. Gülə-gülə, baxa-baxa çıxıb gedim bu qəm dolu, hicran dolu yuvamdan mən. Baxım sənin gözlərinə, çaşdır məni, qəlbindəki qısqanclıqdan xəbər verən baxışlarla. Mən də onda süzüm səni. Əl çatmayan, ün yetməyən arzularım yuxularda gerçək olsun...Ümidimi qaytar geri.
Aç qapımı, bircə dəfə görüm səni. Elə bil ki, yoxluğundan keçən günlər ərzində mən dolaşmışam Yer üzünü. Ölkələri, şəhərləri soraqlayıb, aylarla mən, illərlə mən axtarmışam sən ünvanlı taleyimi. Xəyalımda, ürəyimdə dünya boyda məhəbbətin dünya boyda hicranını, kədərini daşıyıram. İstəyimi bələmişəm ümid adlı bələyə mən. Qızlarının sənə həsrət gözlərinin yaşını mən, ürəyimin qanı ilə ovundurub, görüşünə gəlirəm mən. Xəyalımda, ürəyimdə bu görüşdən doymasam da, bilirəm ki, vüsalını arzuların, ümidlərin boşluğunda arayıram. Bax, o vədə körpə kimi qəlbim sənə layla çalır. De, haradasan?... Qaytar mənə ümidimi.
Ac qapımı bircə kərə görüm səni. Səndən mənə bir cüt balan, bir hicranın, bir də səsin, sözün qalıb. Gözün qalıb gözlərimdə. Sən evindən “üz çevirib” hicran adlı bir çəkilməz dərd verəndə nigarına, dedim görən, bu ayrılıq nədən oldu?
Gecələri sübhə qədər gözlərimdən yuxum qaçıb, elə bil ki, yuxumu da aparmısan özünlə sən. Sevgimizi, əhdimizi, andımızı, sözümüzü unutdun sən. Dedin mənə, axtar məni. Dodağında pıçıltılar, gözlərində sevgi odu, ürəyində hicran dərdi, axtar məni. Taleyimin qismətinə düşən sevinc, ümidimdə yanan işıq yalan oldu. Qəfil gələn bu ayrılıq... könlüm taxtı viran oldu....
Yuxuya bənzəyir sənli günlərim. Əlçatmaz, ünyetməz yuxularımda arayıb, axtarıb tapıram səni. Ayılanda üzürəm fikir dünyasında, xəyal dəryasında, xatirə dənizində. Yelkənsiz bir gəmi kimi xatirələr qaytarırlar ötən günə. Yada düşür xatirələr. Səndən bircə bu suala cavab almaq istəyirəm. Bu ayrılıq nədən oldu?
Dağları duman alanda,
Gözüm yollarda qalanda,
Yadıma səni salanda,
Könlüm qəmlə dolmasınmı?
Niyə döndün öz əhdindən, ilqarından birdən-birə? Sən ki, mənə ümid verdin, hər gedəndə. Sən ki, mənə dilək verdin, hər gedəndə. Sən ki, mənə bir dünyalıq həyat verdin, hər gedəndə. De, bəs, niyə gəlməz oldun?
Sən qapadın gözlərini dünya boyda bu dünyaya. Bu dünyadan daha böyük, daha geniş ürəyin də susdu sənin. Niyə yordu həyat bizi, intizarda qoyub “qaçdı”, zaman bizi. Dillənsənə, dillənsənə bircə kərə. Bu hicrana, bu əzaba, ayrılığa mən dözmürəm.
Bu dünyanı qarış-qarış dolanmağa, illərlə mən, günlərlə mən, aylarla mən yol gedərək vüsalına yetişməyə can atıram. Rahat-rahat uyumusan, heç xəbərin yoxdu sənin, hicran adlı əzabların canım alır. Döngələri, dalanları, küçələri keçirəm mən, sən həsrətli ünvanları, mənzilləri, ocaqları sora-sora. Taleyimin sən həsrətli ünvanına çatmaq üçün yol gedirəm. Gedirəm ki, çatam sənə, deyəm sənə, aç gözünü, mən gəlmişəm. Dodaqların aralanıb, bircə anlıq təbəssümlə “salam” deyə. Vüsalına qovuşam mən...Ümidimi qaytar geri.
Aç qapımı, xəyalların yorub məni. Bu həsrətə gəlişinlə son qoyarsan, aç qapımı... Sən həsrətli bir ünvan var. O ünvanda vüsalına yetir məni, aç qapımı...Ümidimi qaytar geri...
Şəhla Nəbiyeva