Bu gün Azərbaycanın Milli Qəhrəmanı Sərxan Ocaqverdiyevin doğum günüdür

A- A A+

1991-ci ildən başlayaraq 1995-ci ilə kimi davam edən Birinci Qarabağ müharibəsində 15 minə yaxın igid oğullarımız canını Vətən torpağına qurban verərək şəhid adını qazandı. Bu oğullar cəsarət, mərdlik, vətənpərvərlik simvoluna çevrilərək gələcək nəslə qəhrəmanlıq nümunəsi oldular. Özünü od-alovun içinə atıb, torpaqlarımızı canı bahasına qoruyaraq Azərbaycanın Milli Qəhrəmanı adını qazanan oğullardan biri də Sərxan Ocaqverdiyevdir. O, 1967-ci il iyulun 16-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub. Tatarlı kənd orta məktəbində təhsilini başa vuran qəhrəmanımız xidməti borcunu yerinə yetirmək üçün ordu sıralarına çağırılır. Xabarovsk şəhərində yerləşən hərbi hissədə xidmət edən Sərxan əsgəri xidmətini bitirib doğma Vətənə geri qayıdır. Gəncə Maşınqayırma Texnikumuna daxil olan Vətənin igid oğlu 1991-ci ildə təhsilini uğurla başa vurub Gəncə Maşınqayırma Zavodunda əmək fəaliyyətinə başlayır. Həmin dövrdə Vətənini canından artıq sevən qəhrəmanımız cəbhədə baş verən hadisələrlə yaxından maraqlanaraq ölkəmizə qarşı ərazi iddasında olan ermənilərə layiqli cavab vermək üçün özünümüdafiə batalyonuna yazılır. Nəhayət, istəyinə 1992-ci il yanvar ayının 10-da çatır. Sərxan Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Tapqaraqoyunlu kəndlərini düşmən hücumundan müdafiə etmək üçün qanlı döyüşlərə qatılır. Döyüş bacarığı və çevikliyi ilə fərqlənən Sərxan qısa müddətdə düşmənə güclü zərbələr endirərək xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edir. Aramsız hücumlara keçən düşmən növbəti dəfə də Talış kəndinə hücuma keçir. 1992-ci il may ayının 5-i qəhrəmanımızın son döyüşü olur. Talış kəndi uğrunda qeyri-bərabər döyüşə qatılan Vətənin igid oğlu düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olur. Sərxan Ocaqverdiyev doğulduğu Səfikürd kəndində dəfn edilir.

Vətən qarşısında etdiyi xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilən qəhrəmanımız ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Həmçinin Goranboy rayonunda büstü qoyularaq təhsil aldığı Tatarlı kənd orta məktəbinə Sərxan Ocaqverdiyevin adı verilir.

Səriyyə Salahova

Naxçıvan Televiziyasının əməkdaşı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: