Babək rayonunda 2018-ci il ərzində 451 işaxtaran qeydiyyata alınıb. Qeydiyyata alınan işaxtaranlardan 396-sı daimi işlə təmin olunub. Gənclərin, qadınların və əlillərin məşğulluğu da diqqət mərkəzində saxlanılıb. Nəticədə işlə təmin olunmuş vətəndaşların 145 nəfərini gənc, 109 nəfərini qadın, 15 nəfərini isə əlillər təşkil edib. Ötən il əmək bazarının tələbləri nəzərə alınaraq, müxtəlif ixtisaslar üzrə peşə hazırlığı kurslarının təşkili diqqət mərkəzində saxlanılıb və nəticədə ötən il ərzində 76 işaxtaran müxtəlif peşə kurslarına cəlb olunub.
Bundan başqa, sosial qayğıya ehtiyacı olan şəxslərin özünüməşğulluğu ilə bağlı mühüm tədbirlər reallaşdırıləb. Hesabat dövrü ərzində 27 aztəminatlı ailəyə hər birinə yanında balası olan iribuynuzlu mal-qara, 4 aztəminatlı ailəyə isə 10 baş qoyun və keçi, 1 aztəminatlı ailəyə isə 1 ədəd hana, kirgit, bıçaq və 20 kiloqram rəngli ip verilib.
Ötən il ərzində ərazi məşğulluq proqramına əsasən, sosialyönümlü ictimai işlər həyata keçirilib və nəticədə 44 işaxtaran ictimai işlərə cəlb edilib. Onlardan ikisi xalça toxunuşuna, biri səməni cücərdilməsinə, beşi isə yun corab və şərf toxunuşuna cəlb olunub. Əlavə olaraq, Babək rayon ərazisində fəaliyyət göstərən “Dizayn Beton” MMC-ilə bağlanmış müqaviləyə əsasən, 36 işaxtaran ictmai işlərə göndərilib.
Əhalinin məşğulluğunun təmin olunması məqsədi ilə Dövlət Proqramına uyğun olaraq, Məşğulluq Mərkəzi tərəfindən aprel, iyul və oktyabr aylarında “Əmək yarmarkası” keçirilib. Keçirilən yarmarkalarda iştirak etmiş işaxtaranlardan 90-ı daimi işlə təmin olunub.
Ötən il həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirliklərinin birgə təşkil etdiyi “Səhiyyə yarmarkası” da keçirilib. Yarmarkada Babək rayonundan olan 8 işaxtarana göndəriş verilib.
“Şərqin səhəri” qəzeti