Haradan baxırsansa bax, 20 Yanvar içərisində bir hüzn dolu, ürəkləri göynədən faciə daşıyır. Bu faciənin kökündə durub adamın qəlbini ağrıdan şey təkcə doğmalarımızın-canı bir, qanı bir qardaş-bacılarımızın həlak olması deyil. Adamı həm də ağrıdan odur ki, bu faciəni sənə qarşı törədən qüvvə on illər boyunca şəninə nəğmə qoşub oxuduğun, qələbəsinə sevindiyin, ədalətinə güvəndiyin, ağlına qızıl ordu kimi yazdığın ordu törədir, özü də azğınlıqla.
Biz 20 Yanvarda xəyanətə uğradıq. Amma qəlbimizdə bir təskinliyimiz də var ki, azadlıq qurbansız olmur. Əslində biz 20 Yanvar hadisəsi ilə azadlıqsevər və mücadiləçi olduğumuzu bir daha təsdiq və nümayiş etdirdik. Başqaları kimi hazıra nazir olmadıq. Mübarizə apardıq, mücadilə etdik, tankların qabağında canımızla sipər çəkdik, tikələndik, torpağı qanımızla suvardıq, amma azadlığımızdan dönmədik. Qırğına uğradıq, amma azadlığımızı əldən vermədik. Çünki geridə buraxdığımız övladlarımız vardı, bizim özümüzdən artıq sevdiyimiz insanlarımız, əzizlərimiz, doğmalarımız vardı, “Hər yer cənnətə dönsə, yaddan çıxmaz” dediyimiz vətənimiz vardı. Bu mənada 20 Yanvar faciəsi xalqımızın azadlıq üçün apardığı mücadilə yolunda misilsiz qəhrəmanlıq örnəyi idi.
Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə
Ölməyə vətən yaxşı.
Bizim min illər boyu insanımızın əxlaqı, mənəviyyatı, düşüncəsi məhz bu dəyərlər üzrə köklənib. Vətən üçün ölmək də xalqımızın əxlaqından irəli gələn ən ali dəyər olub. Buna görə bütövlükdə XXI əsrin lideri kimi şöhrətlənən ulu öndərimiz Heydər Əliyev bu tarixi-faciəvi hadisəyə qiymət verərkən deyirdi: “XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”. Bəli, Azərbaycan xalqı milli-mənəvi sərvətlərinin tərkib hissəsi olan ədəbiyyat nümunələrində ömrü boyu əzmlə mübarizə apardığı şərin yeni formalı, daha dəhşətli və xəyanətkar basqınına məruz qalsa da, təpədən dırnağa qədər silahlanmış şərin qarşısında xalqın hər bir nümayəndəsi belə qorxmadan mərd, məğrur dayandı, tarixi qəhrəmanlıq ənənəsinə misilsiz sədaqət nümayiş etdirdi. Elə bu məntiqin dəqiq müşahidəsi və ifadəsidir ki, ulu öndərimizin idarəçilik ənənələrini sədaqətlə davam və inkişaf etdirən Prezident İlham Əliyev də bu nüansı xüsusilə qiymətləndirərək deyirdi: “20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi... 20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.
“Qara Yanvar”la bağlı indiyədək açılmamış, özündə saxladığı sirlər çoxdur. Hətta maraqlıdır ki, 20 Yanvarla bağlı 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılsa da, bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu qiyməti almayıb. Hətta Azərbaycanda dövlət müstəqilliyi əldə olunduqdan sonra da ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsinə maraq göstərməmiş, bu istiqamətdə məqsədyönlü iş aparmamışdır. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra - 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi. Cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı və 20 yanvar Ümumxalq Hüzn Günü olaraq elan edildi.
20 Yanvar faciəsinə ilk rəsmi münasibəti bildirən ulu öndər Heydər Əliyev olduğu kimi, ona siyasi-hüquqi qiyməti verən də məhz xalqımızın böyük oğlu Heydər Əliyev olub. 1990-cı il 21 yanvarda xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xaincəsinə törədilmiş 20 Yanvar faciəsi ilə əlaqədar çıxış etmiş, bu barədə məlumatı bütün dünyaya bildirmiş, cinayətkarları və xüsusilə, SSRİ rəhbərliyini ağır ittiham etmişdi. Hətta Ulu öndərin bu çıxışı olmasa və yayınlanmasa idi, heç bir dünya ölkəsində, ayrı-ayrı adamlarda, hətta blokadaya salınaraq Azərbaycanını əsas hissindən ayrı düşmüş Naxçıvanda bu barədə məlumat olmayacaq idi. 20 Yanvar faciəsinə rəsmi münasibət də Ulu öndərin doğma vətəni Naxçıvanda olarkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli sessiyasında şəxsən Ümummilli liderin təşəbbüsü ilə ifadə edilmiş, ilk siyasi-hüquqi qiymət verilmişdi. Ulu öndər Heydər Əliyev çıxışlarından birində demişdir: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir. Və mən şəxsən bu hadisələri eşidərkən, yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedib öz fikrimi söyləmişəm, bütün bu aksiyanı, bu əməliyyatı pisləmişəm. O vaxt demişəm, indi də təkrar edirəm: bu, xalqın əleyhinə olan əməliyyatdır, demokratiyanın əleyhinə olan əməliyyatdır, hüquq normalarının əleyhinə olan əməliyyatdır, mürtəce bir əməliyyatdır. Mən bu fikirdəyəm və buna belə də qiymət vermək lazımdır”.
20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...
Təkcə 20 yanvar hadisəsi ilə deyil, həm də torpaqlarımıza müxtəlif dönəmlərdə edilən həmlələr zamanı da xalqımızın mərd, mübariz oğulları qəhrəmanlıq göstərək böyük bir tarix yazdılar. Azərbaycanın başqa əraziləri kimi vətənimizin göz muncuğu olan Naxçıvana da göz dikən ermənilərin xain hücumları zamanı naxçıvanlılar görünməmiş şücaət, misilsiz qəhrəmanlıq nümayiş etdirdilər. 1989–cu ildən başlanan, 1990-cı ildə şiddətlənən, 1991-1992-ci illərdə müharibə səviyyəsini alan erməni hücumları zamanı Naxçıvan özünün mübarizə əzmini, vətənə bağlılıq, qeyrət və qəhrəmanlıq şücaətini ortaya qoydu. Döyüşə atılan hər oğulun ürəyində vətənpərvərlik duyğuları, alnında döyüş yazısı görünürdü. Torpaq uğrunda şəhid olan hər bir igidimizin qəlbində, dilində “Vətən sağ olsun” nidası var idi. Onlarla naxçıvanlı şəhid oldu, xəsarət aldı, fiziki şikəstlik qazandı bircə vətən eşqinə, vətən naminə... Bu qəhrəmanlıq və qeyrət dolu insanların mübarizə əzmi, Heydər Əliyev ağlı, uzaqgörənliyi və başçılığı nəticəsində Naxçıvan nəinki torpaqlarını qorudu, hətta muxtar respublika olaraq siyasi fəaliyyəti ilə milli dövləçilik ənənəsinın əsasını qoydu.
Bu gün Azərbaycan bayrağı şəhidlərimizin ruhlarını bağrına basaraq dünyaya müstəqilliyimizi qürurla nümayiş etdirir. Bu da həqiqətdir ki, ölümdən qorxan millət azadlığa qovuşa bilməz. İllərin, sayın fərqi yoxdur. Azərbaycan xalqı şəhidlərinin simasında bütün dünyaya azadlıq üçün ölümə hazır olan millət idealını təcəssüm etdirdi. Toyumuzda, yasımızda biz şəhidlərimizi anırıq. Sağlığımızda, ölümə haqlananda onları xatırlayırıq. Kitablarımızın, hətta beynimizin hər səhifəsində onların adlarını və bu qəhrəmanlıq dolu həyat salnamələrini yazmışıq. Körpələrimiz, uşaqlarımız onlara, onların qəhrəmanlıqlarına hörmət ruhunda tərbiyə tapır. Deməli, əsrlərdən bəri qanımızla gələn qəhrəmanlıq ənənəsi yenə davam edir.
Ramiz Qasımov
filologiya üzrə fəlsəfə doktoru
AMEA Naxçıvan Bölməsinin əməkdaşı