“Euronews”: Yay mövsümündə Azərbaycanda hər kəsin zövqünə uyğun əyləncə var

A- A A+

Azərbaycanın yay mövsümündə cazibədarlığının sirri nədir? NUHÇIXAN xəbər verir ki, bu barədə “Euronews” xəbər kanalının saytı “Azərbaycanda yay: Bakı dənizkənarı bulvarı, ləzzətli mətbəx və zəngin mədəni proqram” məqaləsində bəhs edir.

Məqalədə qeyd edilir ki, Azərbaycanda çimərlik istirahətindən tutmuş musiqi festivallarına qədər hər kəs öz zövqünə uyğun bir əyləncə tapacaq. Yay fəaliyyətinin episentri dinamik paytaxtdır. Burada tarixi və memarlıq abidələrini kəşf etməkdən, kölgəli parklarda gəzməkdən, açıq havada konsertlərdən və dənizkənarı barlarda, habelə dam terraslarında gecə həyatından həzz ala bilərsiniz.

Məqalədə deyilir: “Bakı turunuza izdihamlı Fəvvarələr meydanı ilə başlayın, sonra şəhərin mədəniyyət obyektlərinə, məsələn, Heydər Əliyev Mərkəzinə və Azərbaycan Xalça Muzeyinə baş çəkin.

Primorsk bulvarı kimi tanınan ecazkar gəzinti yeri Bakı Limanından “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi “Crystal Hall” arenasının və bir çox muzeylərin yanından keçir. Bu məkan Bakı sakinləri və paytaxtın qonaqlarının ən məşhur istirahət yerlərindən biridir.

“Euronews”, həmçinin oxucuları Bakının məşhur bazarları ilə tanış edir. Müəllif bildirir ki, burada təzə məhsul və yerli ləzzətli meyvələrdən dadmaq olar, barlarda isə qonaqlara nar və heyva da daxil olmaqla, bir çox çeşiddə yerli şərablar təklif olunur.

Azərbaycanın sərin dağlıq rayonlarına və meşəlik milli parklarına səyahət də az maraqlı olmayacaq, burada xalq yaradıcılığı və açıq havada istirahət həvəskarları yabanı gül çəmənlikləri, Talış dağları, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Hirkan Milli Parkının meşələri ilə tanış olacaqlar, həmçinin Qəbələ, Lahıc, Şəki və Lerik kimi qədim orijinal şəhər və kəndləri gəzəcəklər.

“Euronews” xatırladır ki, Azərbaycan sahillərində tətil mövsümü bütün il boyu davam edir. Rahat istirahəti sevənlər, şübhəsiz ki, Xəzər dənizinin sahilində yerləşən müasir otellərdən birində qalmağa üstünlük verəcəklər, dəniz macəralarına həvəs göstərənlər isə Şorabad qəsəbəsindəki Su İdmanı Mərkəzində yaxta gəzintisinə çıxa və ya kaytsörfinq edə bilərlər.

“Günəşli hava və aran ərazilərində orta temperaturun 32 dərəcə Selsi olması sayəsində Azərbaycan Avropa şəhərlərinin sakinləri üçün ideal tətil alternativdir”, -deyə məqalədə vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: