BUTA

A- A A+

"Buta" sözü   "butay" sözündən əmələ gələrək  "Bu" və "tay" -  kəlmələrinin birləşməsi sayəsində  bir cütlüyün yarısı mənasını ifadə edir.

Məlumdur ki, buta haqqında  bu günə kimi onlarla rəvayət, əfsanə yaranıb  ki, onların hər biri  müxtəlif məqsədlərin ifadəsi olaraq özünü göstərib. Yaddaşlarda yaşayan bir rəvayətə görə isə   Əmir Teymurun nəvəsi türkəsilli Babur Şah tərəfindən ilk dəfə buta  bir naxış kimi istifadə edilib.  Başqa bir  mənbədə deyilir ki, dünyanın yeddi  möcüzəsindən biri olan məşhur tikili Tac Mahal da türk memarlarının və incəsənətinin bir nümunəsidir. 6-cı Babur hökmdarı Cahanşah tərəfindən mərhum xanımı Mümtaz Mahalın xatirəsinə həsr olunmuş bu sərdabənin tikintisində müxtəlif türk ellərindən, o cümlədən Azərbaycandan gələn sənətkarların  yaxından iştirak etməsinin   də nişanəsi olaraq orada buta  naxışının   çox  olmasıdır.

Hər bir ölkənin bayrağı, gerbi və himnindən başqa, bır də onun mədəniyyətini, tarixini ifadə edən bir sıra qeyri-rəsmi simvolları da mövcuddur. Əgər  Amerikada  Azadlıq heykəli, Fransada Eyfel qülləsi,  Rusiyada  matryoşka simvol sayılırsa, Azərbaycanda  da     buta  milli simvolumuz kimi cox dəyərlidir. Belə dəyərləri  doğru-dürüst  təbliğ etmək folklorumuzun, el sənətkarlığının, söz  sənətimizin-bir sözlə milli dəyər və sərvətlərimizin tarixini və mahiyyətini  tam mənası ilə öyrənmək zərurətini qarşıya qoyur. Bu mənada  butanın  da    xalqımıza məxsus  çox qədim bir  nişanə olaraq  özündə bir çox mənaları ehtiva  etməsi mütəxəsisslərimiz tərəfindən  sübut olunub.  Mütəxəssislərin fikrincə Butanın sirri  əsasən  Azərbaycanın rəmzlərindən olan  Qız Qalasında gizlənir. Arxeoloqların  fikrincə dünyada 6 rəqəmini xatırladan üç tikili vardır: Bunlardan biri Misirdə, biri Mesopatomiyada, biri isə Bakıdakı Qız Qalasıdır. Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bəlkə elə  bu səbəbdən də  butanı xalqımız milli rəmzi  kimi  elə bu abidə ilə birgə əsrlərdir ki, qoruyub və yaşadıb.

Tədqiqatçıların fikrincə Buta naxışlı məhsullar  əsasən 19-cu əsrin ortalarından etibarən bütün dünyada cox  yayılmağa başlasa da, Buta  xalqımızın  qədim tarixinin bir hissəsidir, desək yanılmarıq. Çünki  qədim xalçalarımızda, memarlıq abidələrimizdə, zərgərlik məmulatlarımızda, ipək, zərxara, atlas parçalarda, tikmələrdə, baş örtüklərimizdə, milli geyimlərimizdə   buta nişanəsinin  rəngarəng  formalarından  tez-tez istifadə edilməsi  butaya olan milli  bağlılığın  göstəricisidir.  Tədqiqatlar nəticəsində o da  sübut olunub ki, Buta bir çox qədim  sənətkarlıq nümunələrində  bəzən rəmzi  nişanə kimi  təqdim edilib.

Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu da  ehtimal edilir. Buta qədimlərdən Azərbaycan milli ornamentinin tipik detalı olmaqla yanaşı,  həm də  indiki Azərbaycanın ərazisində yerləşən qədim dövlətlərin gerblərini də  bəzəyib.  Çünki, Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov diliminin  təsviridir. Buta folklorumuzda da, libasımızda da, evimizdə də, qabımızda da, bəzəyimizdə də  kimliyimizdən, kecmişimizdən, ulularımızdan, elimizdən, arzumuzdan xəbər verir. Müxtəlif dövrlərdə yaranmış sənət əsərlərində göz oxşayan  butalarda nənələrimizin  əlinin sığalı,  oyma sənətkarının  göz nuru, tikmə sənətkarının arzusu, memarın düşüncəsi, xalçaçının diləyi, zərgərin ürəyi, aşiqin  sevgisi, dastanların mənası, bayatıların musiqisi, tariximizin izi var. Ulularımızdan nə qalıbsa onlar  bizim üçün əvəzsizdir, toxunulmazdır, müqəddəsdir. Bu yadigarlara qayğımız  qanı qanımızdan, canı canımızdan olanlara sayğımızdır. Eyni zamanda tarixdən gələn  səslərə sevgi dolu bağlılığımızdır.  Bizim olanlara hər birimizin böyük sevgi ilə  sahib çıxması  həm də vətəndaşlıq borcumuzdur. Bu borcu unutmağa  mənəvi haqqımız yoxdur.

                                        Şəhla Nəbiyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: