Vətən eşqi, müstəqillik əzmi!.. Min illərdir ki, millət olaraq damarlarımızda axan, qanımızda, canımızda dövr edən həyat qaynağıdır bu sevgi. Yaşatdıqca bizi yaşadan vicdan və amal meyarımızdır. Vətən durduqca biz də varıq. Vətən haradan başlayır, harada qurtarır sualı çox vaxt eşitdiyimiz və ya ünvanladığımız suallardan biri olub. Əlbəttə məktəb illərindən yadda qalan suallardır bunlar. Cavabını isə mən böyüdükcə, tarixi keçmişimizlə yaxından tanış olduqdan sonra daha dərindən dərk etdim. Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan, məndən, səndən, bizdən, elə özümüzdən başlanır.
Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla vətənini öz şəxsiyyətində, mənində yaşatmalıdır. Yaşatmalıdır ki, vətən yaşasın. Xalqımız tarixboyu vətəninin mənfəətini öz mənfəətindən, vətəninin gələcəyini öz gələcəyindən üstün tutan bir anlayışa, dərin bir vətən sevgisinə sahib olub. 20 Yanvar kimi qanlı terror aktı belə, vətən sevgimizi, azadlıq ideallarımızı, duyğularımızı söndürə bilmədi. Çox can qurban verdik bu yolda. Amma bu yolun sonu haqq yolu idi, istiqlaliyyət yolu idi, sovet imperiyası kimi bir hegemon dövlətin sıralarından çıxıb müstəqilliyimizə uzanan yol idi.
Hər bir sevginin təməli ailədə qoyulur, həmçinin, vətən sevgisinin. Şəhidlik zirvəsini ən ali, ən uca zirvələrdən hesab edən bu günün mərd oğul-qızları da elə məhz bu cür vətənpərvər ailələrdə böyüyürlər. İnsan həm də fərd kimi doğulub, şəxs kimi fəaliyyət göstərərək təhsil-tərbiyə və əmək proseslərində vətəndaş hazırlığı keçir. Vətəndaş dedikdə bilavasitə vətənə, dövlətə sədaqətlə xidmət edən, mənəvi keyfiyyətlərə malik olan insan başa düşülür. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailə, bu tərbiyənin necə deyərlər, səmərəli nəticəsi isə vətənpərvərlikdir.
Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanımız Rasim Məmmədovun anası Bəsti Məmmədova mövzu ilə bağlı fikirlərini bizimlə bölüşdü. O deyir ki, mən və həyat yoldaşım Əbdül Məmmədov uşaqlarımıza hələ körpə ikən torpağın müqəddəsliyini başa salmağa çalışırdıq. Deyirdik ki, bu torpağın hər qarışında şəhid qanı var. Ana-bacılarının namusunu, torpaqlarının bütövlüyünü qorumaq üçün bir an belə, tərəddüd etmədən silaha sarılan, bəzən silahlı düşmənin qarşısına silahsız çıxıb sinəsini qabağa verən ərənlərimizin ruhları gəzir bu diyarda. Həyat yoldaşım ötən əsrin 90-cı illərində Sədərəkdə Naxçıvanın müdafiəsində könüllü iştirak edənlərdən idi. Dəfələrlə yaralansa da əqidəsindən, amalından geri dönmədi. Bu yolun çətinliklərini bilə-bilə də oğlanlarını hərb sənətinə yönləndirdi. Övladlarına daim “Vətən üçün yaşa, Vətən üçün öl”- dedi.
Növbəti həmsöhbətimiz Babək qəsəbəsindəki Uşaq Bağçasının müdiri Aynurə Məhərrəmova oldu. O deyir ki, uşaq orta məktəbdən qabaq məhz bağçada vətənpərvər ruhda tərbiyə olunmalıdır. İlk olaraq onlara ən qədimdən indiyə kimi tarix səhifələrində adıçəkilən qəhrəmanlarımızı tanıtmağa çalışırıq. Onlar haqqında əfsanələri, hekayələri oxuyub, bu haqda fikir formalaşdırmağa çalışırıq. Bundan başqa, Ümumxalq Hüzn Günü – 20 Yanvarla bağlı bağçada tədbirlər keçirilir, sərgilər təşkil olunur.
Deyilənlərdən belə bir nəticəyə gəlirik ki, vətənpərvərlik duyğuları, vətənə olan məhəbbət eşqi uşaq yaşlarında formalaşır və bunun təməli də öncə ailədə atılır, daha sonra təhsil müəssisələrində, cəmiyyətdə özülü möhkəmlənir. Unutmaq olmaz ki, vətəni sevmək, vətənpərvər olmaq anlayışı tarixi qəhrəmanları tanımaq, onların həyat və döyüş yolu barədə məlumatlı olmaq, hərbi forma geyinib xidmət keçməklə ölçülmür. Vətənpərvər bir mühitin mövcudluğu mükəmməl şəkildə o zaman təzahür edir ki, bu hiss insanların hər hərəkətində, hər sözündə özünü göstərsin. Vətənin sərvətinin, sahibi olduğu milli-mənəvi dəyərlərin qorunması, kəndimizdə, şəhərimizdə, qəsəbəmizdə yaradılmış hansısa infrastrukturun qorunması, mühafizə edilməsi, ağsaqqal, ağbirçəyə hörmətlə yanaşılması, tapşırılan işin layiqincə və vicdanla icra edilməsinin özü belə, vətənpərvərlik nümunəsi hesab olunur. Bizim borcumuz isə bu bəhrələri qorumaq, “mənimdir” deyib əsl vətəndaş kimi bu tərəqqiyə sahib çıxmaqdır. “Mənə nə” deməklə isə nəinki vətənpərvərliyimizi, vətəndaşlığımızı itirmiş olarıq. Sadə nümunələrə fikir verək: əgər biri yola düşən daşı götürüb kənara atmaq istəmirsə, təmizliyi, abadlığı qorumursa, vətəninin gözəlliyini, imkanlarını təbliğ etmək istəmirsə, necə vətənpərvər ola bilər? Deməli, məsələyə geniş prizmadan yanaşıb hərtərəfli düşünməliyik. Çünki vətən mənim, sənin, bizim, sizin – hamımızındır. Vətəndaş şair Məmməd Araz demiş: Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı..
Kəmalə Tağıyeva
“Şərqin səhəri” qəzeti