44 günlük Vətən müharibəsi şəhidlərindən dördünün bu gün doğum günüdür

A- A A+

30 ilə yaxın müddətdə xalqın qəlbində yaşayan torpaq həsrətinə Azərbaycan Ordusu 2020-ci il 27 sentyabrda başlatdığı 44 günlük haqq savaşı ilə son qoydu. Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı uğurlar, hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlar düşməni məğlubiyyətə uğratdı. Onlar canları bahasına döyüşərək şəhadət şərbətini içməklə xalqımıza Qələbə sevincini yaşatdılar. Belə qəhrəmanlarımızdan olan Hafiz Qasımov, Güloğlan Qədimov, Aqil İsmayılov və Təbriz Əsgərovun bu gün doğum günüdür.

Qəhrəmanlarımızın həyat və döyüş yoluna nəzər salaq.

Hafiz Qasımov 1998-ci il iyul ayının 18-də Culfa rayonunun Camaldın kəndində anadan olub. Camaldın kənd tam orta məktəbində səkkizinci sinfə qədər təhsil alan qəhrəmanımız Heydər Əliyev adına Hərbi Liseyə daxil olaraq təhsilinə burada davam edir. Hafiz hərb elminin sirlərini daha dərindən öyrənmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alır. Təhsilini başa vuran Hafiz 2019-cu ildən “N”  hərbi hissədə leytenant rütbəsi ilə Vətənə xidmətə başlayır. Nümunəvi xidməti ilə seçilən qəhrəmanımız “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunur. Vətən müharibəsi başlayan zaman bölüyü ilə birlikdə döyüşlərə qatılan Hafiz  Füzuli istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərir. Vətənin igid oğlu döyüşkən hərbçi olmaqla bərabər, həm də qayğıkeş insan olaraq döyüş yoldaşlarına dəstək olur. O, döyüşdə bir çox yaralı əsgərlərə tibbi yardım göstərilməsi üçün xüsusi xidmətlər göstərir. Qəlbi mərhəmətlə dolu olan Vətən oğlu ağır döyüşlərin birində yaralı əsgərinin soyuqdan titrədiyini görüb öz isti formasını ona verərək döyüşməyə davam edir. Həmin döyüşdə, 2020-ci il oktyabr ayının 14-də şəhadət şərbətini içərək şəhidlik zirvəsinə ucalır. Qəhrəmanımız canını Vətən üçün qurban verməklə bərabər, bir çox yaralı əsgərin də həyatda sağ qalmasına vasitəçi olur. Subay olan Vətənin igid oğlu doğulduğu kənd qəbiristanlığında dəfn olunur.

Tarix yazaraq bir evin oğlundan bir elin oğlu olan şəhid leytenat Hafiz Qasımov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Güloğlan Qədimov 1997-ci il iyul ayının 18-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Uşaqlıqdan Vətənə bağlı olan Güloğlanın tək arzusu böyüyüb hərbçi olmaq olur. Səkkizinci sinifdən təhsilinə Heydər Əliyev adına Hərbi Liseyə daxil olaraq davam edir. Vətənin igid oğlu ali hərbi təhsilini Bakı şəhərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində başa vurub leytenant olaraq Vətənə xidmətə başlayır. Vətən müharibəsi başlayan zaman ilk döyüşlərə qatılıb ön sırada irəliləyən qəhrəmanımız elə müharibənin birinci günü şəhidlik məqamına yüksəlir.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən şəhid leytenant Güloğlan Qədimov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

Aqil İsmayılov 1996-cı il iyul ayının 18-də Şərur rayonunun Çomaxtur kəndində dünyaya göz açıb. Çomaxtur kənd tam orta məktəbində təhsilini 8-ci sinifə qədər alan qəhrəmanımız hərbçi olmaq üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə sənədlərini verir. İstəyi qəbul olan Vətənin igid oğlu burada 3 il təhsil aldıqdan sonra təhsilini Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmaqla davam edir. 2018-ci ildə təhsilini bitirib leytenant hərbi rütbəsi alan Aqil xidmətinə “N” saylı hərbi hissədə başlayır. Sonra Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə qatılmaq üçün Aqil 1 il müddətində pilotluq kursu keçir. Sonra peşəkar hərbçi olmaq üçün davamlı kurslar keçən qəhrəmanımız üçün ən ağır kurs Gürcüstan dağ kursu olur.  500 nəfər hərbçi içərisindən seçilən 40 nəfərdən biri olan Aqil kursu fərqlənmə diplomu və sertifikatla başa vurur. Azərbaycanın Ermənistan tərəfindən ərazilərinə hücumlar edilməsinə göz yummayan ordumuzun başlatdığı haqq savaşında  peşəkar hərbçilərimiz kimi leytenant Aqil İsmayılov da işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün  döyüşlərə qatılaraq Murovdağ istiqamətində düşmənlə vuruşur. Qəhrəmanımız sentyabrın 28-də bu döyüşdə ağır yaralanaraq şəhid olur. Vətənin igid oğlu Şərur rayonunda dəfn edilir.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərə qatılıb, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən şəhid leytenant Aqil İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Təbriz Əsgərov 1997-ci il iyul ayının 18-də Kəngərli rayonunun Xok kəndində dünyaya göz açıb. Orta təhsilini başa vuran qəhrəmanımız ordu sıralarına çağırılaraq əsgəri xidmətini yerinə yetirir. Hərbə olan marağı onu yenidən ordu sıralarına aparır. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq fəaliyyətə başlayan Təbriz 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsində iştirak edir. Döyüş yolu Füzulidən başlayan qəhrəmanımız Zəngilan, Qubadlı, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşaraq düşmənə ağır zərbələr endirir. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlərdə igidliyi ilə fərqlənən Təbriz komandirləri arasında cəsur əsgər olaraq rəğbət qazanır. Şuşa şəhəri istiqamətində döyüşlərə qatılan Vətənin igid oğlu şəhərin düşməndən tamamilə təmizlənməsində qəhrəmanlıq göstərir. Bu zaman ağır yaralanan xalqın qəhrəman oğlu döyüş tapşırığını yerinə yetirərkən şəhid olur. Noyabrın 13-də doğma diyarına nəşi gətirilən şəhidimiz Naxçıvan şəhər qəbiristanlığında dəfn olunur.

Cəsarət və mərdliyi ilə seçilən şəhid Təbriz Əsgərov Vətən torpaqlarının azad edilməsində göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına görə "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.

Ruhunuz şad olsun, Vətən oğulları! Qanınızı yerdə qoymayan müzəffər Ordumuz qisasınızı düşmənlərdən alaraq uğruna canınızı fəda etdiyiniz Vətən torpaqlarını azad etdi. Sizin kimi mərd, cəsarətli oğulların şücaəti nəticəsində artıq dörd ildir ki, Vətənimiz bütövdür. Üçrəngli, ay-ulduzlu bayrağımız ölkəmizin hər bir bölgəsinin zirvəsində qürurla dalğalanır.

Səriyyə Salahova

Naxçıvan Televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: