Zəfər zəngi

20 Yanvar şəhidlərinin xatirəsinə

A- A A+

Soyumuzdan, kökümüzdən qanımıza işləyib  yağıya belə düşmən gözü ilə baxmamışıq. Bəlkə ona görə də həmişə düşmənimizə ocağımızdan od, bulağımızdan su vermişik. Torpağımızda yaşamağa yer vermişik, amma  onu pay verməmişik. Axı torpaqdan pay olmaz, deyən atalarımız bir də deyiblər ki, torpağa kök atanın ayağı möhkəm, meydanı geniş, başı uca olar. Övladsız belini qəm əyər deyə, bizi nəsil-nəsil yetirən Vətənimizin  əsrlərlə var olma səbəbi olan şəhidlərimiz  tariximizin daş yaddaşına  qəhrəmanlıq  dastanı yazdılar zaman - zaman.

 Bu dastanlar oxunanda  görünür ki, Vətəni sevmək ürək, qəhrəmanlıq, qürür, iradə istər. Bunlarin  var olduğu  ürək  Vətən ücün şəhid olmaq məqamında susmaqdan qorxmur. 29 il bundan  öncə Vətənimizin  xain əllərlə  qana boyandığı 20 yanvar günündə olduğu kimi. Azərbaycanın  qəhrəman övladları  sinəsini Vətənə tuşlanan güllələrə sipər edəndə də, ölümün  gözünə dik baxıb  bütün dünyaya Azərbaycanın azadlıq yolcusu  olduğunu göstərəndə də   tarixi bir dastan yazdılar.  Elə bir dastan ki,  o bu xalqın zəfər zəngi oldu.  

Vətənin qoynunda üzərlik kimi,

Biz də bir bitkiyik cücərib, bitən...

Yanırıq yolunda üzərlik kimi,

Qorxuruq göz dəyər sənə, ey vətən

        İnsanın ən böyük dövləti-varı öz daşıdır, torpağıdır deyən  dədə-baba nəsihəti,   Vətən eşqi, ana mehri-məhəbbəti  könüllərə mehman olduğundan, qapımıza yağı izi düşəndə, əmin-amanlığımız  pozulanda igidlərimiz də  obaya sipər, elə çəpər olubdular. Ən cətin günümüzdə, dar ayaqda  Vətən eşqi ilə düşmənin yolunu kəsib şəhid olanlar   xalqımızın  azadlıq himnini oxudular. Dünyaya yayılan bu səs, çalınan zəfər zəngi, yazılan   bu dastan  bizə    müstəqil  dövlətimizin  səmasında doğan günəşin   hərarətini, işıqlı ayın nurunu, aydınlığını,  ulduzların  heyranlığını, qayaların  sərtliyini, qalaların  mərdliyini, çəmənlərin  titrəkliyini, meşələrin  yaşıllığını, Vənənimizin gözəlliyini  bəxş etdilər. Cənnəti xatırladan dünyamızda  bu gün  sülh göyərçinləri uçursa, qəlbimiz qan-qadadan kövrəlmirsə, gözlərimiz  dolmursa, aran oylağımız, dağ yaylağımızdırsa, bunun ücün   Vətənə xidmət edən, şəhid olan, qazi olan oğullarımıza borcluyuq.  Cünki onlar bizə əsrlərlə həsrətində olduğumuz  bir mirası – müstəqillik  yolunu ərmağan etdilər. Azadlıq yolunun ilk mücahidləri   1990-cı ilin 20 yanvar günü şıhidlik zirvəsini fəth edərək and yerimiz oldular.

Yaşamağın mənasını vətənə xidmətdə görən  oğullarımız  müqəddəs bildikləri, uğruna  şirin candan keçdikləri  torqağımızın ürəyinin başına ad yazmağın  böyük şərəf, şöhrət olduğunu da əməlləri  ilə  bəyan etdlər.

Kim sənə həyatda oğulluq etdi,

Sən onu həmişə ucaltdın Vətən!

Kim sənin qeydinə qalmadı getdi,

Sən onu yadından çıxartdın, Vətən!

O çətin sınaq məqamında kim ki, Vətən dedi, kim ki, ölümü yaşamaqdan üstün  bildi, onun eşqi böyük, özü mətindir, dedik.  O gün dərk etdik ki,  müstəqil dövlətin əsl vətəndaşı olmaq çətin və şərəflidir.  O gün dərk etdik ki, haradahaqsızlıqlara susmuşuqsa, bax, orda vətəndaş olmağı bacarmamışıq.  20 yanvarda gördük ki,  əsil vətəndaşlıq  kimliklə deyil, bu vətən yolunda yanan ürəkdir. Vətəndaşlıq bir zirvədir ki, ora nə qırıcı təyyarə ilə,  nə kosmik gəmiyləçıxa bilməzsən. O zirvəni Vətənə oğulluq etməklə fəth etmək olar.

Ruhu Vətən göylərində qanad calan  şəhidlərimiz elə bil ki  o zirvədə dayanaraq  deyirlər: Bu  zirvədən bizə   Vətən görünür. O Vətən ki, onu  sevmək  üçün  anaların torpağı oxşayan əllərini  sevdik. Vətənimin  göy qurşağı kimi  əlvan gül çiçəyini sevdik. Burnu titrəyən dovşanını, ətirli  yovşanını, mələyən ahusunu, cüyürünü,  saralan sünbülünü, qaragöz  reyhanını sevdik. Quruca daşını, torpağını,  müqəddəs ziyarətgahlarını sevdik. Obasını,  oylağını, leysanını, selini, suyunu sevdik  bu yurdun.  Dənizinin yaşıl-mavisinə, səmanın göylüyünə vurğun olduq.

Düşməninə yan deyən,

Dostlarına can deyən.

Anam Azərbaycan deyən,

Dilini  sevdik Vətən, elini sevdik Vətən.

Oğulların bu səsini eşidən   anaların  ürəyi dağa dönər. Deyərlər ki,     Oğul düşmən çəpəridir

Övladsız bir vətən Vətən deyil ki,

Bir parca səmadır, torpaqdır, daşdır.

Oğul nəfəsini duydumu, bil ki,

Onun hər daşı da  bir vətəndaşdır.

                                     

Şəhla Nəbiyeva

                                                                                                                                                                                                       jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: