Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsi də rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə mütəmadi olaraq tədbirlər görür. Rayonda pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi ilə yanaşı, yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi də yüksək səviyyədə təşkil edilib.
Belə ki, rayonun kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi üçün fondun Şərur Rayon Şöbəsi ilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şərur Rayon Filialı arasında müqavilə imzalanıb. Nəticədə kənd yerlərində yaşayan pensiyaçılar pensiyalarını vaxt itirmədən və əlavə vəsait xərcləyib rayon mərkəzinə getmədən kəndlərdəki poçt bölmələrindən rahat şəkildə alırlar.
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Şərur rayonu üzrə 1 mərkəzi poçt şöbəsi və 46 poçt bölməsi ilə əhaliyə xidmət göstərir. Görülən tədbirlər nəticəsində rayonda 2019-cu ilin yanvarın birinə qədər 85 pensiyaçı əmək pensiyasını kəndlərdəki poçt bölmələrindən alır. Rayonun kəndlərində yaşayan pensiyaçılar istədikləri halda Fondun Şərur Rayon Şöbəsinə və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayon ərazisində yerləşən yerli poçt bölmələrinə ərizə ilə müraciət edərək pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsi bundan sonra da pensiyaçılara pensiyaların ödənişində mütərəqqi ödəniş metodların tətbiqini davam etdirərək, pensiyaçıların rahat şəkildə pensiyalarını alması üçün müvafiq tədbirləri həyata keçirəcəkdir.
“Şərurun səsi” qəzeti