Xatirə muzeyi
Şəhidlərin xatirəsinin əbədiləşdirildiyi ünvanlar qəhrəmanlıq və vətənpərvərliyin gənc və gələcək nəsillərə aşılanması baxımından böyük əhəmiyyət daşıyır. Belə ünvanlardan biri də 1997-cu ildən Naxçıvan şəhərində yaradılan Xatirə muzeyidir. Muzey 2015-ci ildən öz fəaliyyətini daha uyğun bir ərazidə - Şəhidlər xiyabanının yaxınlığında yeni binada davam etdirir. 2000-ə qədər eksponatın qorunduğu muzeydə XIX əsrin sonlarından XXI əsrin əvvəllərinədək erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətləri, soyqırımları əks etdirən sənəd və materiallar, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının fotoşəkilləri və şəxsi əşyaları nümayiş etdirilir.
Eksponatlar içərisində fotolar üstünlük təşkil edir. Elə mahiyyət də bu fotolardadır. Hər fotodan düşmənə qəzəb hissi ilə köklənmiş və müqəddəs amal uğrunda canını fəda etmiş Vətən oğlunun baxışları boylanır. İnsanın qəlbi qürur hissi ilə dolur. Adları dilimizdə iftixarla səslənir: Vaqif Əhmədov, İmamverdi Hacıyev, Hidayət Əbdülhəsənov, İlqar Musayev...
Cəbhədə göstərdikləri şücaətlərinə görə Naxçıvan torpağının yetirməsi olan 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Kərim Kərimov, Əmiraslan Əliyev, Səyavuş Həsənov, Əli Məmmədov, İbrahim Məmmədov, Yusif Mirzəyev, Mirəsgər Seyidov, Məhərrəm Seyidovun keçdiyi şərəfli döyüş yolu muzeydə nümayiş etdirilən eksponatlar vasitəsilə tamaşaçılara təqdim olunur. 20 Yanvar hadisələrindən iki gün əvvəl Sədərəkdə başlayan döyüşlər barədə də muzeydə ətraflı məlumat almaq olar. 1990-1993-cü illərdə ermənilər Sədərəyə 14 dəfə hücum edib. Mənfur düşmən Sədərəyə 300-ə yaxın top mərmisi atıb, 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati binaları, sosial obyektləri dağıdıb. Həmin illərdə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan Sədərəyə kömək gəlib. Döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb ki, onların 52 nəfəri rayonun yetirmələridir. Sədərək uğrunda gedən döyüşlərdə Naxçıvan ilk şəhidlərini verib: Məhərrəm Seyidov,İdris Məmmədov, Abbasəli Nəzərəliyev, Mirhəşim Seyidov, Etibar Əhmədov, Məmməd Məmmədov əsl vətənpərvərlik örnəyi oldular. Bu gün Vətən oğullarının xatirəsi muzeydə eksponatlar vasitəsilə qorunub saxlanılır və qəhrəmanlıqları təbliğ edilir. Muzeyin dəyərli eksponatlarından biri də 1990-cı ildə çəkilmiş Sədərəkdə könüllülərdən ibarət özünümüdafiə dəstəsinin fotoşəklidir.
Qəhrəmanlıq zirvəsinə yüksələn şəhidlərimizin əksəriyyəti çox gəncdir və insan onların Vətən sevgisinə sözün həqiqi mənasında qibtə edir! Bu zirvəyə yol ancaq Vətəni, Torpağı, Milləti canından çox sevməkdən keçir. Onlar bu sevgi ilə də adlarını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazdırmaq şərəfinə nail ola biliblər.
Bəli, xalqımız böyük bir qəhrəmanlıq tarixinə malikdir. Və bu gün Azərbaycan qüdrətli orduya sahibdir. Müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm intizam və yüksək döyüş ruhu ilə seçilən Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağıdır, xalqımızın təhlükəsizliyini və ölkəmizin ərazi bütövlüyünü qoruyan qüvvədir.
Düşməndən fərqli olaraq Azərbaycan əsgəri niyə və nəyin uğrunda mübarizə apardığını bilir. O, öz müqəddəs Vətən torpaqları uğrunda savaşır. Haqq da onundur, qəhrəman da odur. Naxçıvanın hərbi potensialının yüksək səviyyədə olduğunu bildirən ölkə başçısı cənab İlham Əliyev 1990-cı illəri belə xarakterizə edir: “1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular”.
Müasir dövr tarixini əks etdirən eksponatlar içərisində 90-cı ildə şəhid olan həmyerlilərimizin fotoları və xatirə əşyaları üstünlük təşkil edir. Sədərək uğrunda gedən döyüşlərdə oğullarımız şücaət göstərib, sinəsini sipər edib, düşmənin layiqli cavabını verib. Muzey eksponatları sanki dil açıb həmin tarixi bu gün də tamaşaçıya danışır.
Muzeydə açıq və distant dərslərin keçirilməsi də bir ənənə halını alıb. Ələlxüsus da tarixi günlərdə muzey bir məktəb rolunu oynayır, yurda bağlılıq, vətənpərvərlik, qəhrəmanlıq gənc nəslə aşılanır.
Bayraq muzeyi
Bu gün şəhərimizin ən yüksək zirvəsində üçrəngli bayrağımız qürurla dalğalanır. Bura Bayraq Meydanıdır. Hər bir Azərbaycan vətəndaşının and yerinə çevrilən müqəddəs məkan. Burada ucalan üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi, öz yurdumuza öz hakimliyimizin simvoludur. Bu bayrağı dalğalandırmaq üçün minlərlə Vətən övladı öz canından keçib. Nəticədə indi bayrağımız ölkəmizin inkişafına şahidlik edir. Və nə xoşbəxtik ki, bayrağımız ikinci dəfə müstəqilliyimizi əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin səyi ilə ilk dəfə Naxçıvanda Dövlət Bayrağı kimi göyə qaldırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb. Həmin muzeydə dövlət atributları ilə yanaşı, mühüm tarixi sənədlər də əbədiləşdirilib. Belə ki, muzeydə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanları muzeyin ekspozisiyasında yerləşdirilib. Ali Məclis Sədri tərəfindən hədiyyə olunan Azərbaycan Respublikasının Dövlət Himninin mətni və Dövlət gerbi dəyərli eksponatlar sırasındadır.
Muzeydə distant və açıq dərslərin keçilməsi ilə yanaşı, dövlət orqanlarında yeni işə başlamış dövlət qulluqçularının andiçmə mərasimi də keçirilir. Dövlət qulluqçuları Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlətçiliyi və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun sürətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə təntənəli sürətdə and içirlər.
Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Xatirə Muzeyi ilə Bayraq Muzeyini mahiyyət etibarilə bir-birinə bağlayan detallardan biri də birinin digərini tamamlamasıdır. Tarixən ulu babalarımız Azərbaycanın müstəqilliyi naminə mübarizə aparıblar. Şəhidlər veriblər, lakin geri çəkilməyiblər. Üçrəngli bayrağı öz qanları bahasına da olsa, Vətən göylərində dalğalandırmağa nail olublar. İndi ordusuna güvənən xalqımız müstəqilliyimizin əbədi rəmzi olan üçrəngli bayrağımız altında firavan yaşayır, Azərbaycan gəncliyi gələcəyə ümidlə baxır.
1990-cı illərin ağır, böhranlı günlərində qaldırılmış bu bayraq indi gecələr şölələnən işıq selində qürurla dalğalanır. Bayrağımızın qürurla dalğalanmağa və bizim də qürurlanmağa haqqımız var. Çünki bu bayrağın altında Azərbaycanın güclənən iqtisadiyyatı, müasir infrastrukturu, qüdrətli ordusu və ən əsası vətənpərvər gəncliyi cəm olub.
İstər şəhidlərimizin xatirəsinə yaradılmış muzey, istərsə də Bayraq muzeyi bu torpaqda şəhidlərə yüksək ehtiramın və dövlət atributlarımıza sevginin təzahürüdür.
Ruhiyyə Rəsulova
Naxçıvan televiziyasının əməkdaşı