20 Yanvar – tariximizin qəhrəmanlıq salnaməsidir

A- A A+

20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna təcavüz cəhdi idi. Lakin, Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar hadisələri eyni zamanda tariximizin qəhrəmanlıq səhifəsidir.

Biz 20 Yanvar tarixini milli matəm, hüzn günü kimi yox milli  iftixar  hissi ilə yad edirik. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

20 Yanvar hadisələrinə əsl siyasi qiymətin verilməsi, terrorun günahkarlarının aşkara çıxarılmasıyla bağlı işçi qrupunun yaradılması da ümummilli liderin adıyla bağlıdır. Həmçinin ulu öndər hadisələrin ertəsi günü həyatıını təhlükəyə ataraq Moskvada Daimi Nümayəndəliyə gedərək bu terrora, hərbi təcavüzə qarşı öz etiraz səsini ucaltmışdı.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dahi rəhbərin təşəbbüsü ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı il 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri araşdırıldı,1994-cü ildə20 Yanvarfaciəsinə hərbi təcavüz vəcinayət kimi tam siyasi-hüquqi qiymət verildi.

20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyirik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq illər keçir. Müstəqil Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində öz yerini tutmuş və bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir, dönməzdir. 

20 Yanvar, eləcə də Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının ailələri tam dövlət qayğısı ilə əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlətin diqqətindədir. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Ulu öndərimizin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilmiş, onları sosial reablitasiyası ilə bağlı hüquqi baza yaradılıb.Bu işlər bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Muxtar respublikamızda 20 Yanvar və  ümumiyyətlə, şəhidlərimizin xatirəsi uca tutulur. Naxçıvan MR Ali Məclisi Sədrinin tapşırığına əsasən  Naxçıvan şəhərində yerləşən Şəhidlər Xiyabanı əsaslı təmir olunaraq muxtar respublika  sakinlərinin ziyarətgahına çevrilib. Xatirə Muzeyində  bu insanların haqqında  məlumat və şəxsi əşyaları saxlanılır ki,  bu da yeniyetmə və gənclərdə bu irsi öyrənilməsi üçün məlumat verir, onların milli vətənpərvərlik hislərinin formalaşmasına  təsir göstərir.

20 Yanvar şəhidlərinin rəşadəti həm də böyük mənəvi təsir qüvvəsinə malikdir. Bu  faciə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi ağır təcavüz və cinayət olmaqla yanaşı, həm də Azərbaycanın milli azadlığı uğrunda xalqımızın qan yaddaşına qəhrəmanlıq təcəssümü kimi həkk edilib. Bu qəhrəmanlıq salnaməsi gənc­lərimizin milli vətənpərvərlik ruhunda formalaşmasında böyük əhəmiyyət kəsb edir. Əgər xalqımızda yüksək vətənpərvərlik hissi olmasa idi, əliyalın yurddaşlarımız 1990-cı ilin 20 yanvar gecəsi sinələrini düşmən tankları önündə polad sipərə döndərməzdilər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi MixailQorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz Vətən övladlarının qanı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

Muxtar respublikamızda da hər il 20 Yanvar hadisələrinin ildönümü dərin ehtiramla qeyd edilir, igid övladlarımızın fədakar­lığı bir daha xatırlanır, onların əziz xatirəsi yad olunur. Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində Vətən şəhidlərinə xatirə kompleksləri ucaldılıb, küçələrə, təhsil ocaqlarına onların adları verilib. Bu gün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanı naxçıvanlıların müqəddəs and yerinə, müqəddəs məkanına çevrilib. 

Doğma diyarımızda müharibə veteranlarının, şəhid ailələrinin və əlillərinin problemlərinin dövlət səviyyəsində həlli mühüm vəzifələrdən biridir. Muxtar respublikamızda hər il bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır. 

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatı da 20 Yanvar hadisələrinin və zaman-zaman xalqımıza qarşı törədilən ağlasığmaz cinayətlərin gənc nəslə çatdırılması, onlarda milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi ilə bağlı tədbirlər təşkil edir, milli qəhrəmanlarımız və şəhidlərimiz gənclər arasında geniş təbliğ olunur.

20 Yanvar tarixi Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

 

Mirməcid Seyidov

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri

Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: