“Ya Qarabağ, ya ölüm!”

A- A A+

O, Vətəninə sevgisini 9 yaşında ikən dilə gətirərək müəlliminin “Kim hərbçi olmaq istəyir?” sualına hər kəsdən öncə Vəli Quliyev “Mən”, – deyib, bütün sinfi təəccübləndirir. Qəlbindən gələn bu səmimi istək elə Vətən oğlunun həyatının bir parçasına çevrilir.

44 günlük Vətən müharibəsi qəhrəmanlarından olan şəhid leytenant Vəli Kamal oğlu Quliyevin həyat yoluna nəzər salaq.

Ən böyük amalı Vətənə xidmət etmək olan Vəli Quliyev 1997-ci ilin iyul ayının 20-də Culfa rayonunun Qazançı kəndində anadan olub. Orta təhsilini əvvəlcə doğulduğu kənddə, sonra isə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin 8-ci sinfinə kimi oxuyan Vəli məqsədinə çatmaq üçün sənətlərini hazırlayıb Heydər Əliyev adına Hərbi Liseyə verir. Liseyə qəbul olan qəhrəmanımız təhsilini müvəffəqiyyətlə başa vurur. O, hərbi sirləri dərindən öyrənmək üçün təhsilini Azərbaycan Ali Hərbi Akademiyasında davam etdirir. Təhsilini bitirən Vəli Quliyev “N”  hərbi hissədə xidmətə başlayır. Xidməti dövründə cəbhə bölgəsində göndərilən qəhrəmanımız təlimlər keçərək “N”  hərbi hissədə xidmətinə davam edir. Yenidən cəbhə bölgəsində xidmət etmək istədiyini komandirinə bildirən Vətənin igid oğlu  döyüş bölgəsinə göndərilir. Burada taqım komandiri vəzifəsində xidmət edən Vəli Quliyev az bir müddətdə bölük komandiri vəzifəsinə yüksəlir. Bölükdə əsgər və zabitlərin hörmətini qazanan qəhrəmanımız onlara səmimi münasibət bəsləməklə hər birinin qayğısına qalan komandir olur. Xidmət etdiyi postuna can yandırıb, “Evim buradır. Hərbçinin evi xidmət etdiyi postu olar”, –deyən Vəli Vətənə xidməti və böyük sevgisi ilə nümunəvi hərbçi olduğunu sübut etdir. Qorxmaz, vətənpərvər olan qəhrəmanımız II Qarabağ müharibəsi başlayan zaman “Aslanlar bölüyü” adlandırdığı bölüyünü başına toplayaraq “Ya Qarabağ, ya ölüm”, – deyib, əsgərlərini igidcəsinə döyüşməyə həvəsləndirir.  O, bölüyü ilə birlikdə döyüşlərdə böyük rəşadət göstərir. Füzuli, Hadrud, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə iştirak edən Vəli cəsarəti və igidliyi ilə düşmənə göz açdırmır. Heç bir yaralı əsgərinin döyüş meydanında qalmağına razı olamayan igid komandir yaralıları öz çiynində daşıyaraq  tibb məntəqələrinə çatdırır. O, cəsarəti ilə onlarla yaralını ölümün pəncəsindən xilas edir. Döyüşlərin birində boynundan yaralanan Vəliyə tibbi yardım göstərilmək təklif edilsə də, özü yarasını sarıyaraq döyüşə davam edir. Bu fədakarlığı ilə qəhrəmanımız Vətən yarasını öz yarasından üstün bilib, əsl nümunəvi qəhrəmana çevrilir. Düşmən üzərinə hücuma keçərkən hər zaman öndə irəliləyən Vəli döyüş bacarığı, qorxmazlığı və igidliyinə görə bölüyü arasında “Naxçıvan canavarı” ləqəbi ilə çağırılır. Bu ləqəbə gülümsünüb cavab verən qəhrəmanımız bir arzusunu dilə gətirir: “Sinəmdə daşıdığım bu bayrağı Şuşaya sancmayanadək mənə durmaq olmaz!” Arzusuna çata bilməyən qəhrəmanımız 2020-ci il oktyabr ayının 22-də gedən ağır döyüşlərdə düşmənin atdığı mərmi nəticəsində Vəli və bir neçə döyüşçü yoldaşı həyata əbədi gözlərini yumaraq şəhidlik zirvəsinə yüksəlir. Subay olan igidimiz noyabrın 6-da Naxçıvan torpağında böyük fəxarətlə qarşılanaraq dəfn olunur.

Döyüşlərdə rəşadət və şəxsi igidlik göstərib, hərbi hissə qarşısında qoyulan tapşırıqları yerinə yetirərkən ali məqama yüksəlib şəhid adını qazanan leytenant Vəli Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilir.

Ruhun şad olsun, Vətən oğlu! Arzunu əsgər və döyüşçü yoldaşların çin etdi. Sinəndə qoruduğun üçrəngli bayraq Şuşaya sancıldı. Sizin kimi igid oğulların cəsarəti, şücaəti ilə indi o torpaqlar öz doğmalarına qovuşub. Vətənimiz bütövləşib, inkişaf edir və gözəlləşir. Bütün bunlara sahib olan xalqımız hər zaman qəhrəman oğlulları ilə qürur duyub, fəxr edəcək!  

Səriyyə Salahova

Naxçıvan Televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: